Tibetdə bəzi ucqar bölgələrdə tarixən mövcud olmuş çoxərlilik ənənəsi ailə münasibətlərinin fərqli modelini formalaşdırıb. Bu modeldə bir qadın eyni ailənin bir neçə qardaşı ilə nikah münasibətində olur, uşaqlar isə onların hamısının övladı hesab edilir. Belə ailə quruluşunun əsas məqsədlərindən biri torpaq və təsərrüfatın qardaşlar arasında bölünməsinin qarşısını almaq, ailənin iqtisadi bütövlüyünü qorumaq idi.
Bu ənənə haqqında maraqlı bir əhvalat danışılır. Hadisənin müəllifi iddia edir ki, bir neçə il əvvəl ingilis dili kurslarında dünyanın müxtəlif ölkələrindən olan insanlarla birlikdə təhsil alarkən keçmiş Tibet rahibi ilə tanış olub. Həmin şəxs öz ölkəsinin ənənəvi ailə münasibətləri barədə danışıb. Onun söhbəti isə dinləyicilər üçün əsl mədəniyyət şokuna çevrilib.
Müəllifin N’Ci adlandırdığı keçmiş rahibin sözlərinə görə, Tibetdə əvvəllər geniş yayılmış, lakin zamanla sıradan çıxmış bu ailə modelinə ucqar kəndlərdə hələ də rast gəlmək mümkündür.
Bir qadın ailənin bütün qardaşları ilə evlənir
N’Ci əvvəlcə çoxərlilik ənənəsini izah edib. Bu modeldə qadın bir ailənin bütün qardaşları ilə nikah münasibətinə girir və onların evinə köçür. Əgər ailədə hələ yetkinlik yaşına çatmamış kiçik qardaşlar varsa, onların da böyüməsi gözlənilir. Sonra onlar da həmin qadının əri olurlar.
Adətən gəlin böyük qardaşdan bir qədər kiçik yaşda seçilir. Beləliklə, ailədəki bütün qardaşların eyni qadınla nikah münasibəti olur.
Bu sistemin iqtisadi tərəfi də var idi. Ailədə oğullar nə qədər çox olurdusa, təsərrüfatı idarə etmək və gəlir əldə etmək imkanları da bir o qədər artırdı. Buna görə də çoxsaylı qardaşları olan ailələr gəlin üçün daha cəlbedici sayılırdı. Cəmi bir-iki oğlu olan ailələrin isə yaxşı gəlin tapmaq imkanları nisbətən məhdud olurdu.
Bu ailə modelinin əsas üstünlüklərindən biri mirasın bölünməməsi idi. Qardaşlar evləndikdən sonra ayrı-ayrı təsərrüfatlar yaratmır, torpağı və əmlakı parçalamırdılar. Beləliklə, ailənin iqtisadi gücü və mülkiyyəti qorunub saxlanılırdı.
N’Ci söhbətini bitirərək dinləyicilərə suallarını verməyi təklif edib. Çinli qadınlar, görünür, deyilənləri sakitcə qəbul etsələr də, digər iştirakçılar üçün mövzu kifayət qədər maraqlı və mübahisəli idi.
İlk sualı fransız iştirakçı verib:
– Bəs qadınla kimin yatması məsələsi necə həll olunur?
N’Ci əvvəlcə sualı anlamayıb. Ona məsələni müxtəlif cür izah etdikdən sonra təəccüblə cavab verib:
– Burada heç bir problem yoxdur. Buna qadın özü qərar verir.
Fransız isə bununla razılaşmayıb:
– Bəs digərləri nə edir? Gözləyirlər? Bunun üçün xüsusi cədvəl var?
– Xeyr, heç bir cədvəl yoxdur. Qadın kimi çağırırsa, o da onun yanına gedir.
Ailədə münasibətləri qadın müəyyən edir
Bu cavabdan sonra sinifdəki qadınların marağı daha da artıb. Fransız isə suallarını davam etdirib:
– Bəs qadın ərinin birini daim çağırır, digərini isə heç vaxt yanına dəvət etmirsə?
N’Ci sakitcə cavab verib:
– Deməli, həmin kişi qadının rəğbətini qazanmaq üçün çalışmalıdır. Məsələn, daha yaxşı işləməli, ailəyə daha çox fayda verməlidir.
Fransız təəccüblənib. O, dəfələrlə mövzunu başqa istiqamətə yönəltməyə çalışsa da, N’Cinin cavabı dəyişməyib: qərarı qadın verir.
Bu dəfə söhbətə yeni evlənmiş macar iştirakçı qoşulub:
– Bəs uşaqlar kimin övladı hesab olunur?
– Hamının. Bəzi kəndlərdə isə uşaqlar böyük qardaşın övladı sayılır.
– Onları bioloji atalarına görə ayırmırlar?
– Xeyr.
– Bəs sənə on oğuldan hansının sənin olduğunu bilmək maraqlı deyil?
– Hamısı mənim övladımdır.
Bu cavab sinifdəki kişilərin diqqətini daha da artırıb. N’Ci isə izahını davam etdirib:
– Bunun o qədər də əhəmiyyəti yoxdur. Uşaqlar eyni nəslə aiddirlər. Əgər atalarından biri dünyasını dəyişərsə, digər qardaşlar bütün uşaqları öz övladları kimi böyüdəcəklər. Ana da hamısına eyni qayğı ilə yanaşır. Uşaqların qayğısına qalan kişi nə qədər çox olarsa, onlar üçün bir o qədər yaxşıdır.
Bəs qısqanclıq? Qardaşlar arasında mübahisə yaranmır?
Fransız iştirakçı bu dəfə də əl çəkməyib:
– Bəs qısqanclıq necə? Qardaşlar bir-birini qısqanmır, dalaşmırlar?
– Nəyə görə qısqansınlar? Axı həmin qadın onların hamısının arvadıdır.
– Yəni sənə heç bir narahatlıq yaratmaz ki, qardaşın sənin arvadınla yataq otağına getsin?
– Axı o, onun da arvadıdır.
– Bəs qonşu həmin qadına başqa gözlə baxsa, yenə də narahat olmazsan?
– Necə yəni başqa gözlə baxsa?
Fransız bunu jestlərlə, xüsusi baxışlarla izah etməyə çalışıb.
N’Ci isə belə cavab verib:
– Xeyr, qonşu buna cürət etməz. Belə bir şey etsə, onu öldürə bilərlər.
Bu cavab sinifdə gülüş və təəccüb doğurub. Hamı bir daha anlayıb ki, qısqanclıq hissi bu cəmiyyət üçün də yad deyil. Sadəcə, ailədaxili münasibətlərin sərhədləri və qaydaları fərqlidir.
Bəs qadın ərlərindən birini istəmirsə?
Müəllifin diqqətini isə başqa bir məsələ çəkib. O, N’Ci-yə belə bir sual verib:
– Bəs qadın ərlərindən biri ilə münasibət qurmaq istəmirsə, nə baş verir?
N’Ci bu sualı da təəccüblə qarşılayıb:
– Necə yəni istəmirsə?
Bu dəfə qadın iştirakçılar izah etməyə başlayıblar:
– Ola bilər ki, qadının həmin kişidən xoşu gəlməsin!
– Bəlkə o, pis insandır?
– Bəlkə ailəyə faydası yoxdur?
– Bəlkə qadın onunla yola getmir, amma digər qardaşlarla heç bir problemi yoxdur?
Fransız və macar iştirakçılar bu dəfə eyni mövqedən çıxış ediblər:
– Bu, artıq həmin kişinin problemidir!
Lakin N’Ci onların fikri ilə razılaşmayıb:
– Xeyr. Bu, məhz həmin kişinin problemidir. Həm də çox ciddi problemidir.
Sonra o, dinləyicilərə bu ailə modelinin ən ağır tərəflərindən biri barədə danışıb.
Qadının rəğbətini qazana bilməyən kişinin taleyi
N’Ci-nin sözlərinə görə, qadın ərlərindən birini qəbul etmək istəmirsə və ya ona qarşı o qədər güclü nifrət hiss edirsə ki, münasibətləri düzəltmək mümkün olmursa, həmin kişi üçün çətin dövr başlayır.
İlk mərhələdə kişi qadının rəğbətini yenidən qazanmağa çalışır. Daha çox işləyir, ailəyə faydasını artırır. Bu prosesdə digər qardaşlar da ona kömək edirlər.
Əgər bütün cəhdlər nəticəsiz qalarsa, kişiyə müəyyən sınaq müddəti verilir. Bu müddətdə də vəziyyət dəyişməzsə, ailə sonuncu vasitəyə əl atır.
N’Ci-nin danışdığına görə, həmin mərhələdə qadının yanına qayınanası gəlir.
Bu hissədə söhbətin tonu tamamilə dəyişib.
Qadının qarşısında diz çökən yaşlı ana oğluna rəhm etməsini, ona evdə qalmaq üçün bir şans da verməsini xahiş edir. O, oğlunun davranışına görə üzr istəyir, hətta onu düzgün tərbiyə edə bilmədiyini etiraf edərək gəlinindən bağışlanmasını diləyir.
Qayınana dəfələrlə xahiş edir, söz verir, yalvarır ki, qadın oğlunu evdən qovmasın. Gəlin isə qayınanasının yaşına və hörmətinə görə onun xahişini qəbul edib kişiyə bir müddət də evdə qalmaq imkanı verə bilər.
Bu hekayəni dinləyənlər bir anlıq susublar. Sükutu yenə fransız iştirakçı pozub:
– Bəs qadın yenə də “yox” desə?
N’Ci cavab verib:
– Onda kişi getməlidir. Onun iki yolu qalır: ya monastıra gedir, ya da başqa bir ailənin yanında muzdlu işçi kimi çalışır. Belə evdə yaşayır və yalnız yemək müqabilində işləyir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
