İnzibatçılığı və cərimələri təşviq etməkdə birinci vitse-spikerin hədəfi nədir? – ƏTRAFLI – ÖZƏLbackend

İnzibatçılığı və cərimələri təşviq etməkdə birinci vitse-spikerin hədəfi nədir? – ƏTRAFLI - ÖZƏL

“Ya həqiqəti söylə, ya da sus”. Bu aforizminin müəllifini unutmuşam. Amma gözəl ifadə olduğu üçün yəqin ki, qəbir evinə qədər yaddaşımda qalacaq. Bəlkədə ona görə atalarımız deyib ki, “danışmaq gümüşdürsə, susmaq qızıldır”. Baxmayaraq ki, susmaq çox vaxt razılıq əlaməti kimi yozulur. Lakin yersiz və cahil danışmaqdansa bəzən susmaq daha faydalıdır.

Və tarix göstərib ki, yerinə düşməyən və yaxud məqamında deyilməyən söz bir çox ədalətsizliklərə bais olub. Amma neyləyək ki, bəziləri danışmağa Məşədi İbad demiş “bir noo adətkərdədilər”. Elə bizim bu deputatlarlarımız kimi…

Qazın qiyməti qalxır susurlar, suyun qiyməti qalxır susurlar, işığın qiyməti qalxır susurlar. Ayda-ildə bir dəfə danışırlar. Onda da “quşu gözündən vururlar”. Məsələn, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli kimi. Çoxdandı səsi-sorağı yox idi. Nəhayət danışdı. Və danışığı ilə də aləmi korladı. Belə ki, ötən gün Əli müəllim APA-ya müsahibə verib. Müsahibəsində bəzi məsələlərə toxunub. O cümlədən də Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələrin artırılmasından da danışdı. Və dedi ki, “cərimələrin artırılması vətəndaşların mənafeyinə xidmət edir”.

Bax, burda əlim üzümdə qaldı. Çünki Əli müəllimi az-çox savadlı adam kimi tanıyırdım. Bu savadlı hüquqşünasımız da çıxıb deyirsə ki, “cərimələr vətəndaşın mənafeyinə xidmət edir”. Onda dağılsın bu dünya.

Ona görə ki, bu sözü deyən parlamentdə ikinci şəxs statusunu daşıyır. Və çox gözəl bilir ki, ölkə üzrə toplanan cərimələr büdcə gəlirlərində diqqət cəlb eləməyən bir rəqəmlə ifadə olunur. Dövlət büdcəsinin gəlirlərində tək rəqəmlidən də az ifadə olunan cərimələr bəs vətəndaşların hansı mənafeyinə xidmət edə bilər. Hələ onu demirəm ki, cərimə edilənlərin əksər hissəsi büdcə gəlirlərindən məhrum insanlardır. Dövlətdən hansısa sosial yardım almayan və yaxud büdcə təşkilatında işləməyən vətəndaşa cərimələrdən hansı pay düşür? Bu da təbii ki, birbaşqa müzakirə mövzusudur.

Ümumiyyətlə, insan faktorunun öndə olduğu ölkələrdə inzibati cərimələrdən qaçılır. Hansısa mərhələdə müəyyən cərimələr tətbiq edilirsə də, bir müddət sonra o cərimələr bağışlanılır. Bununla bağlı Avropadan misal gətirməyəcəyəm. Bəyənmədiyimiz Gürcüstanda cərimələrin, bank faizlərinin və borclarının bağışlanması adi hal alıb.  Sonuncu dəfə Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə vətəndaşlara qarşı tətbiq edilən cərimələr bağışlanıldı.

Nəinki Avropada, elə Gürcüstanda birmənalı şəkildə inzibati cəzalardan qaçılır. Əsasən ictimai tənbehə ütünlük verilir. Çünki, dövlət xalqın xidmətçisidir. Yaxşı nə varsa o da xalq məxsus olmalıdır.

Amma bir qism ölkələr  var ki, orda ancaq inzibati idarəetmə sistemi var. Yəni vətəndaşın, xalqın istəyi yox, məmurun maraqları önə çəkilir. Bu da son nəticədə sosial ədalətsizliyə gətirib çıxarır.

Ona görə də hörmətli Əli müəllim millətini və xalqını sevən adam kimi cərimələrin vacibliyindən və onun “sosial paketdəki” “mühüm” yerindən yox, ictimai tənbehin vacibliyindən danışsa daha yaxşı olar. Çünki, bütün hakimiiyyətlərin də, hökümətlərin də əsas missiyası xalq xidmətdir. Və bizim Ana Qanunumuzda da bu öz təsdiqini tapıb ki, “hakimiyyətin mənbəyi xalqdır”.

Belə olan təqdirdə Ali qanunverici orqanda ikinci şəxs statusunu daşıyan şəxsin cərimələri təşviq etməsi anormal haldır. Dolayısı ilə bu cür hallar ona dəlalət edir ki, bəzi dövlət qurumları xalqı sıxmaqda, inzibati yolla idarəçilikdə daha maraqlıdır.  Bəlkə səhv edirəm?!…

Surxay Atakişiyev,

KONKRET.az

 

  • afaq
    Fevral 24, 2022 - 17:30

    xalq höküməti cəzalandırmaq yerinə həmişə olduğu kimi hökümət xalqı cəzalandırır, özü də get-gedə daha sərt və qaba…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*