Etiraz aksiyalarını boğmaq məqsədilə interneti kəsən İran hakimiyyəti amerikalı iş adamı Elon Maskın “Starlink” peyk sistemi vasitəsilə təqdim etdiyi internet bağlantısını da sıradan çıxarıb.
KONKRET.az-ın xəbərinə görə, dekabrın 28-də başlayan və bütün ölkəyə yayılan etirazlardan sonra yanvarın 8-də internetin verilməsi dayandırılıb.
Etirazçılar isə internet senzurasını aşmaq və həm öz aralarında, həm də xarici dünya ilə əlaqə saxlamaq üçün Elon Maskın “Starlink” peyk internetindən istifadə etməyə başlamışdılar.
“The Washington Post”un məlumatına görə, “Starlink” peyk siqnalları Rusiyaya məxsus “jammer”lər – yəni siqnalboğucu qurğular vasitəsilə sıradan çıxarılıb. Qəzet yazıb ki, Elon Maskın komandası proqram təminatında yeniləmə aparıb və bundan sonra “Starlink” peyk interneti İranda yenidən fəaliyyətə başlayıb.
Qeyd edək ki, İran 2025-ci ildə qəbul etdiyi qanunla “Starlink”dən istifadə edən şəxslərin casusluq ittihamı ilə günahlandırılması və 10 ilədək həbs cəzası alması nəzərdə tutulur. (yeni sabah)
