İran-İsrail konfliktinə Bakının reaksiyası necə olmalıdır? – Politoloqbackend

İran-İsrail konfliktinə Bakının reaksiyası necə olmalıdır? - Politoloq

İranın “Doğru vəd” kod adı altında həyata keçirdiyi gecə əməliyyatı bəzi ekspertlər tərəfindən III Dünya müharibəsinin başlanması kimi qiymətləndirildi.

İranın “qanunu və haqlı özünümüdafiə aktı” adlandırdığı əməliyyat ölkəmizdə də xüsusi həyəcanla izlənildi. Çünki bir tərəfdən İran ərazisində 35 milyon Azərbaycan türkü yaşayır, digər tərəfdən, ölkəmiz İsraillə strateji tərəfdaşlıq əlaqələrinə malikdir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Sədrəddin Soltan bildirib ki, 40 ilə yaxındır ki, İranla İsrail arasında müharibə birbaşa olmasa da, dolayısı ilə mövcuddur. Onun sözlərinə görə,  İranın Livanda “Hizbullah”ı, Yəməndə husilər cərəyanını yaratmasının əsas məqsədi İsraili təhdid altında saxlamaqdır.

Ekspertin fikrincə, müharibənin davam etməsi mövcud qarşıdurmanın daha da dərinləşdiriməsinə xidmət edə, beynəlxalq güclər arasında ziddiyyətlərin qızışmasına təkan verə bilər:

“Faktiki olaraq, Rusiya–Ukrayna müharibəsində görünən güclər İran–İsrail münaqişəsində də iştirak edir. Bu Yaxın və Orta Şərqdə, eləcə də Avropada müharibənin qızışmasına gətirib çıxara bilər. Bu isə III Dünya müharibəsinin miqyasını göstərir. Çünki onsuz da bu müharibə müxtəlif ölkələrdə aparılır”.

Politoloq vurğulayıb ki, müharibənin qızışması Azərbaycana da çox ciddi təsir göstərəcək. O, hesab edir ki, İran–İsrail müharibəsi davam edərsə, Azərbaycan dövləti daha çox siyasi, diplomatik təmaslara üstünlük verəcək:

“Tərəflərin arasındakı ziddiyyətin daha da dərinləşməməsi naminə Azərbaycan Türkiyə ilə birlikdə bu istiqamətdə fəaliyyətini gücləndirə bilər. Çünki Azərbaycanın dövlət başçısı İlham Əliyev dünyada yaşayan 50 milyon azərbaycanlının Prezidenti olduğunu dəfələrlə bəyan edib. Ümid edirik ki, rəsmi Bakı Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına laqeyd olmayacaq”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*