İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, Fars körfəzi əməkdaşlıq şurasına daxil olan bir sıra dövlətlər və İordaniya İrana qarşı Amerika hərbi təcavüzündə ortaq olublar.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper Fars körfəzi ölkələrindən bir neçəsinin və İordaniyanın İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyini açıq şəkildə bəyan edib. Bəqayi vurğulayıb ki, əgər Amerikanın bu iddiası yalandırsa, həmin dövlətlər bunu rəsmi və şəffaf şəkildə təkzib etməlidirlər.
İran XİN-in nümayəndəsi qeyd edib ki, bu ölkələr öz ərazilərini Amerika təcavüzü üçün plasdarm kimi təqdim etməklə BMT Baş Assambleyasının təcavüzün müəyyən edilməsi haqqında 3314 saylı Qətnaməsinə əsasən bu təcavüzün şərikliyinə düşürlər və yaxon qonşuluq prinsipini, həmçinin BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini kobud şəkildə pozurlar.
“Bu faktları nəzərə alaraq, İran özünün qanuni və ayrılmaz özünümüdafiə hüququnu həyata keçirərək bu dövlətlərin ərazisində yerləşən ABŞ-ın hərbi bazalarına və obyektlərinə zərbələr endirərkən ‘İranın məqsədlərini’ sual altına almaq sadəcə məntiqə hörmətsizlik və çaşdırmaq üçün əsassız cəhddir”, – deyə Bəqayi bildirib və əlavə edib ki, Tehranın hərəkətləri bölgədə təhlükəsizliyin bərpası istiqamətində zəruri addımdır.
Natiq Səlim,
KONKRET.az
