Yaxın Şərqdəki münaqişələrin coğrafiyası genişləndikcə region ölkələri üçün müharibə riski daha da artır. İsrail-HƏMAS qarşıdurması səngiməmiş İranın İraq, Suriya və Pakistana raket zərbələri yeni münaqişə ocağının yaranmasına səbəb ola bilər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki,Yaxın Şərqdəki müharibə müxtəlif istiqamətlər aldıqca, İran müharibənin birbaşa iştirakçısına çevrilir:

“Əvvəlcə HƏMAS-ın, husilərin, Hizbullahın dəstəklənməsi proksi xarakter daşıyırdısa, İran indi yaxın qonşularına zərbələr endirir və artıq Pakistan bunun cavabını verməyə məcbur olub. Bütün bunlar onu göstərir ki, 2024-cü ilin qarşıdakı dönəmlərində qeyri-sabitlik, müharibə riskləri, eskalasiya ocaqları getdikcə çoxalacaq. İstisna edilmir ki, İran bir sıra dövlətlərlə münaqişəyə cəlb olunacaq. Şübhəsiz ki, bunu istəyən qüvvələr də var. Bundan faydalanmağa çalışan güc mərkəzləri mövcuddur. Qərb strateqləri husilərin, Hizbullahın, HƏMAS-ın və digər qruplaşmaların araxasında İranı gördüklri üçün birbaşa Cənub qonşumuzu hədəfə alırlar. İran özü də bu oyunlara, geopolitik qarşıdurmalara cəlb olunur”.
Ermənilərin bu münaqişədən bəhrələnmək cəhdlərinə toxunan politoloq bildirib ki, bu, onların ənənəvi taktikalarıdır:
“Suriyada, Livanda çoxsaylı ermənilər yaşayır. Bu Osmanlı Türkiyəsindən köçən ermənilərin törəmələri və eyni zamanda Yaxın Şərqdə olan erməni elementidir. Onlar hər zaman aktivliyi ilə seçiliblər və bizim diplomatik nümayəndəliklərə də mütəmadi hücumlar təşkil ediblər. Ermənistan çoxdan arzulayır ki, regionda vəziyyət qarışsın və bu qarışıqlıqdan istifadə edərək status-kvonu dəyişsinlər. İndi onlar bu arzu ilə yaşayırlar. Biz bunu dəfələrlə görmüşük, hətta qardaş Türkiyədə olan zəlzələ, parlament və prezident seçkiləri, Rusiya-Ukrayna müharibəsi də buna nümunədir. Dəfələrlə erməni tərəfi belə qarışıq vəziyyətlərdən öz xeyirlərinə istifadə etməyə çalışıb. İstisna olunmur ki, İranın bu cür aqresssiv davranışları həm də “erməni kartı”nın işə düşməsinə gətirib çıxara bilər. Bizim bütün bu amilləri diqqətlə nəzərdən keçirmək, və ona uyğun strategiya formalaşdırmağımız indi böyük əhəmiyyət kəsb edir”.
Vəli Həsənov,
KONKRET.az
