İranın Azərbaycana qarşı təxribatları səngimək bilmir. Hər vasitə ilə rəsmi Bakını yolundan döndərməyə çalışan Tehran rejimi bu dəfə növbəti iyrənc hərəkəti ilə gündəmə gəlib. Belə ki, “SEPAH”ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər. Bəs görəsən həqiqətdə nə baş verir? Bu kimi təxribatçı əməllər prosesi hansı məcraya gətirib çıxara bilər? Ümumiyyətlə, İranın təxribatlarına birdəfəlik necə son qoymaq olar?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, İran hakimiyyəti müxtəlif vasitələrlə Azərbaycana təsir etmək istəyir: “Terrorçuluqdan tutmuş, radikalları üstümüzə salmağa qədər hər cür təxribata əl atır. “Hüseyniyyun” da dünyada terror təşkilatı kimi tanınır. Bu təşkilat məhz İran dövlətinin, eləcə də “Sepah”ın yardımı ilə Azərbaycana qarşı çıxır. Qeyd edim ki, təkcə “Hüseyniyyun” deyil, yaxın və orta şərqdə İranın onlarla belə terror təşkilatı mövcuddur. Onlar arasında “Hizbullah” və “Həşdü-Şəbi” xüsusi rol oynayır və dünyanın bir sıra dövlətləri tərəfindən ciddi terror qruplaşması kimi xarakterizə olunur. Azərbaycana qarşı bu demarşların səbəbi isə rəsmi Bakının heç də İsraillə münasibət qurmasında deyil. Çünki ölkəmizin 30 ildir ki İsraillə yaxın münasibətləri və ticarət əlaqələri mövcuddur. Sadəcə olaraq Azərbaycanın son zamanlar atdığı addımlar İranın xoşuna gəlmir. Çünki bu addımlar Rusiya ilə bərabər İranı da regiondan sıxışdıb çıxarmağa yönəlib. Ona görə də, İran Azərbaycanın inkişafını regionda özünə böyük təhlükə görür. Bu səbəbdən də Azərbaycan dindarlarının daxili hisslərini qarışdırmaqla cavab verməyə və nəyəsə nail olmağa çalışır. Belə təxribatçı hərəkətlər bundan sonra da davam etdiriləcək”.

Politoloqun sözlərinə görə, İran öz xoşu ilə bu kimi təxribatçı əməllərinə son verməyəcək: “Təbii ki, Azərbaycan Tehranın etdiyi kimi İranın din xadimlərinə, onun əhalisinə və səfirliyinə qarşı terror aktları törətməyəcək. Rəsmi Bakı sadəcə olaraq terrorla mübarizə sahəsində daha ciddi addımlar atmalıdır və öz müdafiəsini gücləndirməlidir. Eyni zamanda bu sahədə təcrübəsi olan ölkələrlə əməkdaşlıq etməlidir. Həmçinin Azərbaycan öz müttəfiqləri ilə əməkdaşlığı genişləndirməlidir ki, lazım gəldikdə ölkəmizi müdafiə edə bilsinlər. İranın dünyanın heç bir ölkəsindən və təşkilatından qorxusu yoxdur. Onlar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində terror aktları törədirlər. Bu səbəbdən də, fars-molla rejiminə qarşı müxtəlif sanksiyalar tətbiq olunub. Artıq İranın sanksiyalardan da qorxusu yoxdur. Rejimin terror hərəkətlərinə görə, Tehrana qarşı müharibə elan olunması ehtimalını isə yüksək qiymətləndirmirəm. Çünki bu addımı indiyə qədər atmaq və İranı məhv etmək olardı. Hesab edirəm ki, Azərbaycan öz gücünə və qüvvəsinə arxalanmalı, təhlükəsizliyini gücləndirməli və müttəfiq ölkələrlə münasibətləri genişləndirməlidir. İranın təxribatlarının qarşısını almağın yolu məhz budur. Təbii ki, paralel olaraq İranın iç üzü bütün dünyaya göstərilməli, onun din pərdəsi altında irəli sürdüyü siyasətin əsl mahiyyəti vətəndaşlarımıza aşılanmalıdır. Belə olan halda dini həssas olan bəzi vətəndaşlarımız fars-molla rejiminin şirin vədlərinə aldanmayacaq və İranın diqtəsi ilə ölkədə təxribat törətməyə cəhd göstərməyəcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
