Azərbaycan öz suveren ərazilərinə nəzarəti tam bərpa etdikdən sonra Cənubi Qafqazda geosiyasi vəziyyət kökündən dəyişəcək. Qarabağ ermənilərinin reinteqrasiyası təmin edildikdən sonra regionda sülh təmin ediləcək. Bölgəyə sülhün gəlməsi bir çox oyunçuların ürəyincə olmasa da, “erməni kartı”nın əllərindən çıxmasıyla barışmalıdırlar. Deməli, 35 il bölgəni təhdid altında saxlayan Ermənistan və havadarlarının geri addım atmaqdan başqa çarəsi qalmayıb. Qarabağda birgəyaşayış təmin edildikdən sonra Rusiya sülhməramlılarının da mövcudluğuna ehtiyac duyulmayacaq. Rusiyada da bunu anlayır və beynəlxalq mandatı olmayan sülhməramlıların bölgədən çıxacağı günü gözləyirlər. Beləcə Rusiya Cənubi Qafqazda təkcə Ermənistandakı mövcudluğunu qorumağa çalışacaq.
Ermənistan hakimiyyəti isə müttəfiqinin regionu tərk etməsi üçün dəridən-qabıqdan çıxır. Bir-birinin ardınca Rusiyanı qıcıqlandıran bəyanatlar verən Ermənistanın Baş naziri regiona yeni oyunçuların gətirilməsində maraqlı olduğunu nümayiş etdirir.
Aİ-nin müşahidə missiyası adı altında Fransa və Almaniyanın təqaüdçü polislərinin Ermənistan ərazisində yerləşdirilməsi, üstəlik, ABŞ hərbçilərinin Ermənistan ərazisində hərbi təlimlərdə iştirakı Rusiyanın maraqlarına ziddir. Şimal qonşumuz da müttəfiqinə bununla bağlı iradını bildirib. Üçtərəfli bəyannamədə nəzərdə tutulan öhdəliyi yerinə yetirməyən Ermənistan müttəfiqindən imdad gözləyir və onu ermənilərin yerinə vuruşmamaqda ittiham edir.
Zəngəzur dəhlizinin açılmasına əngəl törədən düşmən ölkə bununla havadarlarının ssenarisinə uyğun hərəkət edir. Cənubda İranın çaldığı havaya oynayan Ermənistan Qərbdə Fransanın köməyinə bel bağlayır. Amma ən böyük dəstəkçisi olan İranın maraqlarına zidd hərəkət edir. Paşinyan hökuməti Cənub qonşumuzu 44 il ərzində sanksiyalar altında saxlayan ABŞ hərbçilərini İranın qulağının dibinə qədər gətirib. Deməli, erməni dostluğunun dəyəri müəyyən çərçivəyə qədərdir. İllərdir Ermənistana qucaq açan molla rejimi indi “dostlarının” bu xəyanətinin şokunu yaşayır.
Ermənistan isə müttəfiq axtarmaqda davam etdiyi bir zamanda paytaxt İrəvanda ictimai-siyasi vəziyyət kəskinləşib. Paşinyanı satqınlıqda ittiham edən nümayişçilər Qarabağda baş verənlərə etiraz edirlər. Otuz il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Qarabağda erməni silahlı birləşmələrinin tərksilah edilməsini sadəcə seyr edir. İrəvan küçələrində özlərini yerə çırpan erməniləri də yandırıb-yaxan budur. 30 il ərzində Qarabağı su yoluna döndərənlər indi Azərbaycan sərhədlərinə yaxınlaşmağa cürət edə bilmirlər. Əks halda onları nə gözlədiyini çox gözəl anlayırlar. Gücləri isə İrəvan küçələrində qışqırmaqdan başqa heç nəyə çatmır. Amma bir az dözümlü olsalar, həmişə olduğu kimi, bu dəfə də sakitləşəcəklər. Bu dəfə Qarabağın yolunu birdəfəlik unudaraq həmişəlik sakitləşəcəklər.
Vəli Həsənov,
KONKRET.az
