İranın ŞOK PLANI və Tehranı fiaskoya uğradan iki amil – “Müsəlman qardaşımız” yalnız özünü aldadırbackend

İranın ŞOK PLANI və Tehranı fiaskoya uğradan iki amil - “Müsəlman qardaşımız” yalnız özünü aldadır

“İran bütövlükdə müharibədən sonra Azərbaycanın daxili inanc sistemi ilə manipulyasiya etməyi planlaşdırır. Bunların arxasında hansı maraqların və səbəblərin dayandığını isə yaxşı başa düşürük. İran şiə dünyası üzərində proyeksiya etdiyi siyasətin bir hissəsini Azərbaycana yönləndirməyə çalışır və bu, uzun illərdir ki, davam edir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O qeyd edib ki, İran bütün bu məsələlərdə uğur qazana bilməyib: “Son “Nardaran” hadisələri göstərdi ki, Azərbaycan İranın xüsusi xidmət orqanlarının və kəşfiyyatının qarşısında ciddi bir yerli immunitetə malikdir. Bu immuniteti formalaşdıran isə azərbaycanlıların millətçilik duyğusu və Vətən müharibəsi oldu. Onilliklər boyu Azərbaycan ərazilərində, məscid və ibadətgahlarında donuz saxlayan ermənilərlə birlikdə dayanan, müharibənin gedişində sərhədi açıq saxlayıb silah keçirilməsinə razılıq verən, azərbaycanlıların şəhid olmasında ermənilər qədər günahkar sayılan, amma özünü bizim “müsəlman qardaşımız” adlandıran İrandır və onun apardığı siyasətdir”.

Əziz Əlibəyli: "Bizim sorğular önəmli rol oynayır"

Ekspert təəssüflə qeyd edib ki, bu siyasətə bizim bəzi vətəndaşlarımız da alət olublar: “Onların dini inancları üzərindən ciddi bir istismar oyunu qurub “Ləbbeyk Ya Hüseyn” deyərək böyük bir kəsimi haqsızlığa düçar edən də məhz İrandır. Eyni zamanda başqasının maraqlarına toxunan, milli hissini məhv etmək məqsədi güdən, adını şiə təəssübkeşi qoysa da, əslində fars imperiya maraqlarına xidmət göstərən qaragüruhu formalaşdıran da Tehran rejimidir. Bu siyasətin bir hissəsi də vətəndaş qarşıdurması yaratmağa yönələn addımlardır. Əslində isə İran öz TIR-larını Azərbaycan ərazisindən keçirməklə onun torpaq bütövlüyünü tanımağa məcbur oldu. Bunun fonunda isə ölkəmiz əleyhinə “Xeybərin Fatehləri” adlı gülünc təlimlər keçirməklə öz missiyasını tamamladı”.

Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycan həm mənəvi, həm də hərbi-siyasi sferada İranın hesablaşacağı qüvvəyə çevrilib: “Biz həm də müharibənin gedişində dünya tərəfindən təcrid olunan, küncə sıxışdırılan İran üçün kommunikasiyalar açan, ona investisiya mühiti təklif edən, bölgədəki inteqrasiya proseslərinə cəlb olunmasına şərait yaradan bir ölkə olduğumuzu gizlətmirik. Hesab edirəm ki, suyun hansı rəngdə olduğunu xalq yaxşı bilir. Bu baxımdan indiki məqamda İran yalnız özünü aldatmaqdadır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*