İranda “yanlış” hicaba görə döyülən qız ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İranlı hüquq müdafiəçisi Məhsa Əmini vəfat edib.
Sentyabrın 13-də o, polisin tərəfindən saxlanılıb və şahidlərin sosial şəbəkələrdə verdiyi məlumata görə, şiddətli döyülüb. Tehran polisinin özü iddia edib ki, 22 yaşlı fəalda qəfildən ürəyində problemlər yaranıb. Həbsindən bir neçə saat sonra Amini xəstəxanaya yerləşdirilib.
Cümə günü onun ölümü elan edilib.
Məhsa Əmininin yaxınlarının dediyinə görə, o, tamamilə sağlam gənc qadın olub və heç bir ürək xəstəliyindən əziyyət çəkməyib. Tehran əxlaq polisi onu küçədə hicabsız göründüyü üçün saxlayıb.
22 yaşlı Məhsa Əmininin İraq Kürdüstanından Tehrana qohumlarını ziyarət etmək üçün gəldiyi məlum olub. Şəhərdə o, şəriət normalarına riayət olunmasına nəzarət edən polis əməkdaşlarından ibarət xüsusi dəstə tərəfindən saxlanılıb. Küçəyə hicabda çıxan qız hicabını düzgün geyinməməkdə günahlandırılaraq ən yaxın polis bölməsinə aparılıb.
Hadisədən xəbər tutan qardaşı Kiareş dərhal oraya gedib.
Nəşrin məlumatına görə, qardaşı bacısının evə buraxılmasını gözləyərkən təcili yardım maşını binaya yaxınlaşaraq Əminini xəstəxanaya aparıb. Gəncin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu əmin ediblər ki, Amini infarkt və insult keçirdikdən sonra komaya düşüb.
“Həbsxana ilə xəstəxana arasında cəmi bir neçə saat vaxt keçmişdi”, – o deyib.
Daha sonra yerli hüquq müdafiəçiləri stansiyada polisin saxlanılan şəxsi şiddətlə döydüyünü və bunun böyrək çatışmazlığına səbəb olduğunu öyrənib.
“Məhsanın qulaqlarından qan axırdı və kəllə sümüyünün sınığı var idi. Bunlar döyülmənin izləri idi”, – fəallar deyib.
Lakin rəsmilər iddiaları rədd edir və mərhumun qəfil ürək problemi səbəbindən dünyasını dəyişdiyini təkid edirlər.
Xuraman Etibarlı,
KONKRET.az