İrəvan Ağsaqqallar Şurasının sentyabrın 8-də keçirilən iclasında “Milli tərəqqi” partiyasının fraksiyasının üzvü İzabella Abqaryan paytaxt metro sistemindəki kritik vəziyyəti diqqətə çatdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı ayzıb.
Deputat qeyd edib ki, müəyyən saatlarda metroda dözülməz vəziyyət yaranır və sərnişinlər vaqonlara sığışmırlar. Onun sözlərinə görə, mövcud vaqon parkının çatışmazlığı səbəbindən İrəvan Metropoliteni öz potensialının təxminən yarı gücü ilə işləyir. Həmçinin vaqonlardakı pis ventilyasiya problemi xüsusi vurğulanıb.
Yeni qatarların alınması üçün hökumətin vəsait ayırmalı olduğunu xatırladan Abqaryan, bu problemin nə vaxt həll olunacağını soruşub.
İrəvanın vitse-meri Suren Qriqoryan problemi etiraf edərək şəhər hakimiyyətinin hökumətdən maliyyələşmə gözlədiyini bildirib. O əlavə edib ki, artan sərnişin tələbatı fonunda bələdiyyə də öz növbəsində yeni nəqliyyat vasitələrinin əldə edilməsi istiqamətində layihələr həyata keçirir.
Natiq Səlim,
KONKRET.az
