Ermənistanda İran və Eçmiədzin kilsəsi arasında dini mövzuda müzakirələr keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. İranın Ermənistandakı mədəniyyət müşaviri Seyid Hüseyn Təbatəbayi İrəvandakı Göy Məscidin imam-cüməsi Fəllahzadə ilə birlikdə Eçmiədzin kilsəsinin beynəlxalq məsələlər şöbəsinin müdiri yepiskop Natan ilə görüşüblər.
Görüş zamanı İslam Respublikası və Eçmiədzin kilsəsi arasında dini danışıqların birinci mərhələsinin Ermənistanda keçirilməsi ilə bağlı razılığa gəlinib.
Təbatəbayi bu barədə deyib: “Hazırkı vaxtda İran və Eçmiədzin kilsəsi arasında dini müzakirələrə başlamaq çox əhəmiyyətlidir. Bunun üçün ən yaxşı vaxt olaraq sentyabr ayı təklif edilib və çalışacağıq ki, İran nümayəndə heyəti ən yüksək səviyyədə danışıqlara qatılmaq üçün Ermənistana səfər etsin”.
İranın mədəniyyət müşaviri sonda qeyd edib ki, bu müzakirələr davamlı olacaq və danışıqların növbəti mərhələsi İranda təşkil ediləcək.
Qeyd edək ki, hər zaman İslam həmrəyliyindən dəm vuran İranın Azərbaycanın müsəlman əhalisinə qarşı soyqrım törətmiş, onları 30 il öz doğma torpaqlarından didərgin salmış işğalçı Ermənistanla hansı dini məsələləri müzakirə edəcəyi və israrla bu cür dost-qardaş münasibətlər qurması sual doğurur.
Xuraman Etibarlı,
KONKRET.az