“İstəsələr, bizə deyə bilərlər: yığışın və burdan rədd olun” — Paşinyanbackend

“İstəsələr, bizə deyə bilərlər: yığışın və burdan rədd olun” - Paşinyan

“Biz elə bir yerdə yaşayırıq ki, bu torpaq üçün kadastr şəhadətnaməmiz yoxdur”.

KONKRET.az xəbər verir ki, Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 24-də parlamentin iclasında baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi imzalansa, Ermənistan belə kadastr sənədini əldə edə biləcək.

Azatutyunun yazdığına görə Paşinyan çıxışında müxalifətin – Yerevanın Bakının Qarabağa və anklavlara dair bütün tələblərini yerinə yetirməsi və əvəzində heç nə almaması barədə tənqidini qəbul etdiyini bildirib, amma deyib ki, Ermənistan “de yure” öz torpağının sahibi olmaq şansı qazana bilər:

“Biz hamımızmı başa düşürük ki, 30 ildir sevimli vətənimizdə kadastr şəhadətnaməsi olmadan yaşayırıq, erməni dövləti də özünün çoxminillik tarixində heç vaxt kadastr sertifikatına malik olmayıb? Əgər biz istədiyimizi edə bilsək, tariximizdə ilk dəfə olaraq kadastr sertifikatı əldə edəcəyik və torpağımızın təkcə “de fakto” yox, həm də “de yure” sahibi olacağıq”.

Bunun ardınca baş nazir fikirlərini daha sadə dildə izah etməyə çalışıb:

“Biz dünyanın elə bir yerində yaşayırıq ki, burada belə düşünən azı bir neçə ölkə var ki, istəsələr, bizə deyə bilərlər: yığışın və burdan rədd olun. Onda biz deyə bilməyəcəyik ki, bir dəqiqə gözləyin, kadastr şəhadətnaməmizi göstərək…”

Paşinyan əlavə edib ki, əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dair danışıqlar da təsisatlanmış prosesə çevrilər:

“Biz, hamımız, Ermənistan Respublikasının parlamenti öz sakin statusumuzu gücləndirərək kadastr sertifikatı əldə etmək istəyirik və bunun adı beynəlxalq aləmdə tanınan delimitasiyalı və demarkasiyalı sərhədləri olan dövlətdir”.

Azatutyun yazır ki, mayın 24-də Ermənistanın baş naziri Azərbaycanın Qarabağ da daxil 86 min 600 kvadrat kilometrlik sahədə ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib.

Paşinyan çıxışında bu barədə deyib:

“Azərbaycanın çox dəqiq diskursu var. O deyir: əgər siz bizim ərazi bütövlüyümüzü tanımasanız, biz də sizin ərazi bütövlüyünüzü tanımayacağıq və bu söhbət beynəlxalq icmanın qarşısında baş verir. Biz indi qərar qəbul etməliyik. Yaxşı, deyə bilərik ki, biz Azərbaycanın 86.6 min kvadrat kilometrini tanımırıq və bizim fikrimizcə, Azərbaycan 86.6 min kvadrat kilometr yox, 45.7 kvadrat kilometrdir. Onlar da deyəcəklər: lap yaxşı, bizim fikrimizcə də Ermənistan 29.8 min kvadrat kilometr yox, 8 min 700 kvadrat kilometrdir”.

Paşinyanın fikrincə, məsələ belə mübahisəli qalsa, kimin nə qədər əraziyə malik olması “həmin gün KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) hansı əhvalın hökm sürməsindən asılı olacaq”.

Paşinyan çıxışında anklavlar məsələsinə də toxunub. Azatutyunun yazdığına görə o deyib ki, bu məsələnin “psixoloji qavranması dəyişdirilməlidir”.

Onun firkincə bu, sülh şəraitində sırf texniki məsələdir:

“Əgər biz həqiqətən də sülhdən danışırıqsa, bu, böyük strateji dərinliyi olmayan yalnız texniki, təşkilati məsələdir. Amma biz əgər müharibədən danışırıqsa, bu, çox kəskin məsələdir”.

Baş nazir bildirib ki, bu barədə Azərbaycan prezidenti ilə Münhendə və Brüsseldə söhbətləri olub və bu məsələnin siyasi-hüquqi aspektləri var.

Paşinyan bildirib ki, bu məsələ ətrafında hələ heç bir razılaşma əldə olunmayıb:

“İki həll variantı var. Variantlardan biri: sərhədin o tayında olan anklav o ölkənin ərazisi kimi qalır, bu tərəfdə olan anklav bu ölkənin. Və əgər tərəflərdən biri razılaşmasa, bu da bir məsələdir və hələ heç nə həll olunmayıb, amma əgər, məsələn, Azərbaycanla dəqiq razılaşma olsa, mən gəlib deyəcəyəm ki, biz bu məsələnin həllində dəqiq razılığa gəlmişik. Amma bu mövzuda yekun razılaşma yoxdur, müxtəlif fikirlər, ideyalar var və yeri gəlmişkən, bunların heç biri rədd edilməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*