Cənubi Qafqazda Dağlıq Qarabağ uğrunda müharibə aparan Ermənistanla Azərbaycan atəşkəs üçün yenidən cəhdlər edir. Hər halda, bazar günü yerli vaxtla saat 00:00-dan tərəflər arasında humanitar atəşkəsin qüvvəyə mindiyi elan olunub. Məlumatı hər iki tərəfin Xarici İşlər Nazirliyi təsdiqləyib.
Bir həftə əvvəl tərəflər Rusiyanın vasitəçiliyilə atəşkəs haqda razılığa gəlmişdi. Lakin razılaşmanın qüvvəyə minməsindən qısa müddət sonra atəşkəs yenidən pozulmuşdu. Razılaşmanın pozulmasına görə, tərəflər bir-birini ittiham edirdi.
Qanlı şənbə
Son atəşkəs razılaşmasınadək tərəflər arasında toqquşmalar xeyli sayda insanın ölümünə və yaralanmasına səbəb olub. Azərbaycan tərəfinin məlumatına görə, şənbə gecəsi Ermənistan onun ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir ki, hücum nəticəsində 13 dinc sakin həlak olub.
Ermənistan isə bu hadisəyə görə Azərbaycanın özünü günahlandırır.
Azərbaycan tərəfi bildirir ki, Gəncəyə hücum nəticəsində 50-dək insan yaralanıb. Həlak olmuş inzanların cəsədlərinin dağıntılar altından çıxarılması üçün səhərədək axtarış işləri aparılıb. Onların arasında köpələrin də olduğu deyilir.
Azərbaycanın nümayiş etdirdiyi kadrlarda xilasedicilərin dağıntılar altında sağ qalmış insanları tapmaq üçün itlərdən də istifadə etdiyi görünür.
Səlahiyyətli şəxslər raket zərbələri nəticəsində şəhərə xeyli ziyanın dəydiyini bildirir.
Ermənistan isə öz növbəsində, Azərbaycanın tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (dırnaq işarəsi bizə aiddir – WM) “paytax”tına raket hücumu etdiyini bildirir. Məlumata görə, nəticədə Stepanakertdə (Xankəndi – WM) ən azı 3 mülki şəxs yaralanıb.
Rusiya və Avropa İttifaqının müraciətləri
Atəşkəsin elan olunduğu gün axşam saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov hər iki tərəfi razılaşmaya əməl etməyə çağırıb. Rusiya XİN-dən verilən məlumata görə, Lavrov həm Azərbaycan, həm də Ermənistandan olan həmkarları Ceyhun Bayramov və Zöhrab Mnaçakanyanla telefonla danışıb. O, atəşkəsin humanitar xarakter daşıdığını da xatırladıb.
Məlumata görə, münaqişə tərəfləri qısa zamanda mümkün sülhə nail olunması üçün “əsaslı danışıqlar”a hazır olduqlarını bildirib.
Avropa İttifaqı da tərəfləri atəşkəs razılaşmasına hörmət etməyə çağırıb. Qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell mülki əhaliyə və obyektlərə hücumlara son qoyulmasının vacibliyini bildirib. O, Aİ-nin Azərbaycanın Gəncə şəhərinin atəşə tutulmasından təəssüfləndiyini söyləyib.
On illərdir davam edən münaqişə
İki keçmiş Sovet respublikası illərdir təxminən 145 min insanın yaşadığı bölgə uğrunda mübarizə aparır. Dağlıq Qarabağ Azərbaycan ərazisi olsa da, Ermənistanın nəzarətindədir. Bakı bölgəyə nəzarəti təxminən 30 il əvvəl, Sovet İttifaqının dağılmasından sonra itirib. Tərəflər arasında 1994-cü ildən “zərif” atəşkəs hökm sürürdü.
Mənbə: SRF
Alman dilindən tərcümə – WorldMedia.az
