Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirləndirilən Samir Daşdəmirovun (soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Samir Daşdəmirov ilə əvvəllər dostluq münasibətlərində olmuş zərərçəkmiş Rüstəm Əlizadə (adı, soyadı şərtidir) arasında hadisədən bir neçə gün əvvəl şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Belə ki, tərəflər arasında baş vermiş mübahisə zamanı Rüstəmin onu təhqir etməsi təqsirləndirilən şəxsdə narazılıq yaradıb və bu səbəbdən o, zərərçəkmişdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.
İstintaq materiallarına əsasən, Samir həmin niyyətini həyata keçirmək üçün 2024-cü ildə axşam saatlarında yaşadığı Gədəbəy rayonunun Qurudərə kəndində yerləşən evindən mətbəx bıçağı götürərək Gədəbəy şəhərində yerləşən “Mağara” kafesinə yollanıb. O, Rüstəmlə qarşılaşacağı təqdirdə planlaşdırdığı cinayəti törətmək məqsədi güdüb.
Həmin gün saat 21 radələrində təqsirləndirilən şəxs kafeyə daxil olarkən Rüstəmin dostları ilə birlikdə orada əyləşdiyini görüb. Bundan sonra Samir zərərçəkmiş şəxsi mübahisəyə cəlb etmək və öz niyyətini həyata keçirmək üçün müxtəlif qıcıqlandırıcı hərəkətlər edib, ünvanına ifadələr işlədərək onu söhbətə və qarşıdurmaya sövq etməyə çalışıb.
Rüstəm baş verənlərin səbəbini öyrənmək üçün onunla eyni masada əyləşdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs çiynindən asdığı çantadan bıçağı çıxararaq zərərçəkmiş şəxsə hücum edib.
Cinayət işinin materiallarında göstərilib ki, hadisə ictimai yer hesab olunan kafedə, digər şəxslərin gözü qarşısında baş verib. Samirin hərəkətləri nəticəsində kafedə olan şəxslər arasında təşviş yaranıb, müəssisənin normal fəaliyyəti pozulub. Qarşıdurma zamanı kafedə olan masalardan biri aşıb, masa üzərində olan üç ədəd qədəh sınaraq yararsız hala düşüb və nəticədə əmlaka maddi ziyan dəyib.
Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək məqsədilə onun həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrə bıçaqla ardıcıl zərbələr endirib. Nəticədə Rüstəm döş qəfəsinin və qarın boşluğunun daxilə keçən deşilmiş-kəsilmiş yaralarını, sol tərəfli hemotoraksı, sol ağciyərin zədələnməsini, nazik bağırsağın travmasını və daxili qanaxma ilə müşayiət olunan ağır bədən xəsarətlərini alıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olub.
İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək məqsədilə ona əlavə bıçaq zərbələri vurmağa cəhd göstərsə də, kafedə olan şəxslərin müdaxiləsi nəticəsində niyyətini sona çatdıra bilməyib. Həmçinin Rüstəmin aktiv müqavimət göstərməsi və vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım alması onun həyatının xilas olunmasına səbəb olub.
Bu səbəbdən istintaq orqanı Samir Daşdəmirovun hərəkətlərini qəsdən adam öldürməyə cəhd və silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq kimi qiymətləndirib.
Məhkəmə istintaqı zamanı dindirilən Samir Daşdəmirov ona Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
