Facebookda tanınmış yazıçı Günel Musa sosial şəbəkələrdə küsən sürücü ilə bağlı maraqlı paylaşım edib. Qeyd edək ki, bu gün avtobusu saxlayıb fasilə verən, siqaret çəkən sürücü ilə bağlı video yayılıb. Günel Musa isə öz statusunda sürücünün üzərinə gedənləri sərt şəkildə qınayıb.
Doğrudan da gündüzün bir vaxtı, hansısa dayanacaqda sürücü maşından düşüb, kənarda, tək başına oturub. Əlində siqaret, çiyinlərində isə görünməyən, amma hiss olunan bir ağırlıq var. Onun oturuşunda yorğunluq adamların gözünə girir. Bəlkə də onda hansısa çarəsizlik gizlənir. Bu, hər gün küçələrimizdə rastlaşa biləcəyimiz adı, insani bir görüntüdür. Amma həmin an sərnişinlərdən biri fərqli bir seçim edir. Sürücüyə yaxınlaşıb “Qardaş, yaxşısan?” demək əvəzinə telefonunu çıxarır, kadr çəkir və sosial şəbəkəyə yükləyir: “Bu, özbaşınalıqdır” izahı ilə. Beləcə, öz gözündə “vətəndaş missiyasını” başa vurur.
Nəticə isə gözlənildiyindən fərqli olur. Video minlərlə paylaşıma çatır, amma rəğbət qazanan sürücü yox, ona qarşı qəzəblənən insanlar olur. İndi həmin videonun altında minlərlə şərh var. Və onların əksəriyyəti kadrı çəkənə ünvanlanıb. Tərs şillə kimi geri qayıdan bir hərəkət.
Nə vaxt bu qədər empatiyasız olduq?
Bu sual təsadüfi deyil. Sosial şəbəkələr bizə sürətli mühakimə vərdişi öyrədib: görürük, qiymətləndiririk, paylaşırıq və çox vaxt bunların arasında “soruşmaq” mərhələsi yoxdur. Kimsə yorğun görünür. Deməli, işini yaxşı görmür. Kimsə kənarda oturub, deməli, “özbaşınalıqdır”. Amma insanın həyatında baş verənlərin böyük hissəsi kadrın çərçivəsinə sığmır.
O sürücü də, eynən bizim hər birimiz kimi, öz dərdləri, öz yorğunluğu, öz gündəlik mübarizəsi olan bir insandır. Günel Musanın dediyi kimi, bəlkə evində xəstəsi var, bəlkə şəxsi həyatında ağır bir gün yaşayır, bəlkə sadəcə növbədən sonra bir neçə dəqiqə nəfəs almağa ehtiyacı var idi. Bunların heç biri kadrda görünmür. Çünki kamera yalnız zahiri anı çəkir, insanın daxilini yox.
Problem burasındadır: biz artıq insanın dərdi ilə maraqlanmaq əvəzinə, onu kontentə çevirməyə başlamışıq. Kiminsə ən zəif anı — yorğunluğu, çarəsizliyi, sükutu bizim üçün “material”a çevrilir. Halbuki bu anlar insanın ən şəxsi məkanına aiddir və heç kimin izni olmadan minlərin mühakiməsinə çıxarılmamalıdır.
Hüquqi məsuliyyət məsələsi
Burada sadəcə əxlaqi bir tənqiddən söhbət getmir. İnsanların razılığı olmadan, halını soruşmadan, kontekstini bilmədən onları çəkib ictimailəşdirmək artıq şəxsi məkanın açıq-aşkar pozulmasıdır. Belə hallarda məsuliyyət mexanizmlərinin — həm hüquqi, həm də platformaların öz daxili qaydaları baxımından daha ciddi işləməsi vacibdir. Əks halda, “ictimai nəzarət” adı altında hər kəs istənilən insanın ən zəif anını kütləvi mühakimənin qarşısına çıxara bilər və bunun heç bir bədəli olmaz.
Vətəndaş məsuliyyəti dedikdə, bir insanın işini pis gördüyünü sübut etmək üçün kadr toplamaq yox, ilk növbədə o insana insan kimi yaxınlaşmaq nəzərdə tutulmalıdır. Əgər həqiqətən problem varsa, sərnişinlərin təhlükəsizliyi, xidmətin keyfiyyəti diqqətə çatdırılırsa, bunun düzgün ünvanları var: müvafiq qurumlar, şikayət kanalları. Amma bunlardan əvvəl, ən sadə addım atılmalıdır: sual vermək.
İnsanlıq “Nə olub?” sualından başlayır
Əslində hər şey çox sadə ola bilərdi. Kameranı çıxarmaq əvəzinə, yanına gəlib “Nə olub, köməyə ehtiyacın var?” demək. Bu sual heç nəyi həll etməyə bilər, amma ən azı bir şeyi göstərər: qarşındakının insan olduğunu gördüyünü.
Biz get-gedə unuduruq ki, hər kadrın arxasında canlı bir insan var. Onun yorğunluğu bizim “kontent”imiz olmamalıdır. Empatiya isə bahalı bir keyfiyyət deyil, sadəcə dayanıb soruşmaq qədər asandır. Məsələ də elə budur: telefonun kamerasını işə salmaqla insanlıq başlamır. İnsanlıq sualla başlayır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
