AQTA-dan yeni tələb: Bu qərar niyə qəbul edildi?backend

AQTA-dan yeni tələb: Bu qərar niyə qəbul edildi?

Son günlər AQTA-nın ölkəyə idxal olunan heyvanların yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmasına dair qərarı müxtəlif müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov hesab edir ki, bu qərar vaxtında verilmiş və düzgün addımdır.

İlkin Şirinov

Onun sözlərinə görə, qərarın məqsədi heyvan sağlamlığını və rifahını qorumaq, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq, nəticədə isə istehlakçıların daha təhlükəsiz və keyfiyyətli ət məhsulları ilə təmin olunmasına nail olmaqdır. Ekspert bildirib ki, uyğun olmayan nəqliyyat vasitələrində həddindən artıq heyvanın daşınması onların stress keçirməsinə, xəsarət almasına və ətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İxtisaslaşdırılmış nəqliyyat vasitələri isə beynəlxalq standartlara uyğun şərait yaradaraq bu riskləri minimuma endirir.

Ekspert qərarın ətin qiymətini artıracağı ilə bağlı fikirlərlə razı olmadığını da qeyd edib. Onun fikrincə, daşınma düzgün təşkil olunduqda, bir neçə sahibkarın eyni ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən istifadə etməsi xərcləri bölüşdürür və əlavə maliyyə yükünün qarşısını alır.

Bununla yanaşı, ekspert hesab edir ki, AQTA qərarın icrasına nəzarət edərkən sahibkarların maraqlarını da nəzərə almalıdır. O vurğulayıb ki, nəzarət mexanizmləri elə qurulmalıdır ki, süni qiymət artımı, əsassız daşınma xərcləri və vasitəçilikdən yaranan əlavə maliyyə yükü formalaşmasın. Bu halda həm heyvan rifahı və qida təhlükəsizliyi təmin ediləcək, həm istehlakçılar keyfiyyətli məhsul əldə edəcək, həm də sahibkarların qanuni maraqları qorunacaq.

Natiq Səlim, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*