Kazan şəhərində “Rusiya – İslam dünyası: Kazanda 14-cü beynəlxalq iqtisadi forum keçirildi – FOTOLARbackend

Kazanda 14-cü beynəlxalq iqtisadi forum keçirildi - FOTOLAR

Tatarıstanın Kazan şəhərində “Rusiya – İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forum keçirilib. 

KONKRET.az SİA-ya istinadən xəbər verir ki, forumda Azərbaycanı baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Baş nazirin müavini “İqtisadi etibarlılıq. Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında əməkdaşlıq” sərlövhəsi altında keçirilən plenar iclasda iştirak edib. Ş.Mustafayev Azərbaycanın xarici siyasətində İslam dünyası ilə əlaqələrin xüsusi yer tutduğunu bildirib və əlavə edib ki, ölkəmizin vaxtilə sovetlər birliyinə tərkibində olan ilk müstəqil dövlətdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olub.

Müstəqilliyimizin ilk günlərindən bu günümüzə qədər təşkilat üzvləri ilə iqtisadi-siyasi əlaqələr artıb. Ötən il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ölkələri ilə ticarət dövriyyəsi 42% artaraq 9,3 milyard ABŞ dollarına çatıb. Azərbaycanın xarici ticarət dövriyyəsində təşkilata üzv ölkələrin payı 18% təşkil edir. İqtisadi əlaqələrdə müsbət dinamika bu gün də davam edib.

Baş nazirin müavini Ş.Mustafayev ölkəmizin beynəlxalq nəqliyyat marşurutları üçün əhəmiyyətli və həlledici rolundan da məlumat verib. Qeyd edib ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə “Şimal-Cənub, “Şərq Qərb” nəqliyyat istiqamətləri region ölkələri üçün böyük imkanlar yaradıb. Azərbaycanın inkişaf etmiş nəqliyyat, tranzit infrastrukturu ilə nəhəng layihələrin icrasına bundan sonra da hazırdır və bu xüsusda Bakı beynəlxalq dəniz limanının əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

İƏT üzvlərinin Qarabağ münaqişəsi zamanı ədalətli mövqe sərgiləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini də Baş nazirin müavini xüsusi vurğulayıb. Bildirib ki, münaqişə artıq tarixdə qalıb, amma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, regionda sülhün, sabitliyin bərpası hələ də iş aparılır. Ölkəmiz regionun iqtisadi çiçəklənmənin əsas təşəbbüskarı olaraq qalmaqdadır.

Qeyd edək ki, Kazan səfəri çərçivəsində Rusiya-Azərbaycan münasibətlərinə həsr edilmiş dəyirmi masa keçirilib. Müzakirələrdə Rusiya və Azərbaycan arasında iqtisadi-siyasi əlaqələrin çoxşaxəli, zəngin tarixi keçmişə malik olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin siyasi iradəsi və birgə səyləri ilə ikitərəfli əlaqələr strateji səviyyəyə çatıb və demək olar ki, bütün mümkün sahələri əhatə edir. Qarşılıqlı maraqlara xidmət edən ikitərəfli münasibətlər, imzalanmış 250-dən artıq sənədin, o cümlədən, müttəfiqlik bəyannaməsinin yaratdığı möhkəm hüquqi bazaya əsaslanır. Baş nazirin müavini Şahin Mustafayev, ötən il ticarət dövriyyəsinin 24% artaraq 3,7 milyard ABŞ dollarına çatdığını qeyd edib. 2023-cü ilin ilk kvartalında ticarət əlaqələrinin artması, bu il ikitərəfli iqtisadi əlaqələrdə yeni, daha yüksək göstəricilərin əldə ediləcəyiniə əsaslı inam yaradır.

Şahin Mustafayev iki ölkənin hökumətləri arasında da aktiv işin aparıldığını diqqətə çatdırıb. Bü xüsusda “2024-cü ilə qədər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərinin inkişaf etdirilməsi ilə bağlı hərəkət planı”nın böyük əhəmiyyətə malik olduğu qeyd edilib. Qarşıya qoyulan əsas vəzifələrdən birinin iki ölkənin regionları arasında əlaqələrin inkişafı olduğunu bildirib. Bu istiqamətdə 2022-ci ildə Bakıda Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, mütəmadi əsasda təşkil edilən biznes forumlar, eləcə də Azərbaycan və Rusiyanın vilayətləri arasında biznes-missiyaların icrası xüsusi əhəmiyyətə malikdir.

Rusiya və Azərbaycan prezidentlərinin regionlararası əlaqələrin inkişafına dair tapşırıqlarının aktiv şəkildə icra edilməsi istiqamətində ötən ilin sonu və cari ilin əvvəlində Dağıstan, Tatarıstan və Həştərxan vilayəti ilə yüksək səviyyəli qarşılıqlı səfərlərin icra edildiyi vurğulanıb. Şahin Mustafayev fürsətdən istifadə edərək, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin yüksək səviyyədə təşkilinə görə Həştərxan vilayəti hökumətinə təşəkkürünü bildirib.

Forum çərçivəsində “Russia Halal Expo” Sərgisi keçirilib. Ölkəmiz sərgidə vahid ölkə stendi ilə təmsil olunub. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları – müxtəlif ət və ət məhsulları, narşərab, kompot, mürəbbə, çay və digər məhsul və xidmətlər təqdim edilib. Azərbvaycan stendində eyni zamanda, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, investisiya imkanları nümayiş etdirilib. Ölkəmizi “Rusiya – İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forumda təmsil edən nümayəndə heyəti Azərbaycan stendi ilə tanış olub.

Kazan şəhərinə səfər çərçivəsində baş nazirin müavini Şahin Mustafayev, Rusiya prezidentinin köməkçisi İqor Levitinlə, Rusiya Hökuməti sədrinin birinci müavini Andrey Belousovla, eləcə də hökumət sədrinin müavini Aleksey Overçukla görüşüb. Görüşlərdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin gələcək perspektivləri, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi yolları müzakirə edilib.

Ölkəmizi təmsil edən nümayəndə heyətinin Rusiya Hökuməti sədrinin müavini Marat Xusnullin və Tatarıstan respublikasının rəhbəri Rustam Minnixanovla görüşündə isə əsasən, Azərbaycan və Rusiyanın regional subyektləri arasında əlaqələrin inkişaf potensialı müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*