KONKRET.az-ın Amerika müxbirinin verdiyi məlumata görə, 1997-ci il noyabrın 7-də itkin düşmüş 40 yaşlı Vilyam Moldtun meyiti bu günlərdə tapılıb – sonuncu dəfə Vilyam gecə klubundan qayıdırmış, polisin araşdırması isə o zaman heç bir nəticə verməyibmiş. Kişinin qalıqları Google xəritəsində aydın görünən göldə batmış maşının içindən tapılıb.
Bir ay əvvəl Florida polisinə Vellinqton şəhərciyinin yaxınlığındakı göldə batmış maşının tapılması barədə zəng daxil olub. Maşını sudan çıxartdıqdan sonra içində insan skeletinin olması müəyyən edilib. Bir həftədən sonra isə insan qalıqlarının 22 il əvvəl itmiş Vilyam Moldta mənsub olduğu aydınlaşıb.

Yerli daşınmaz əmlak alverçisi Google Earth proqramının köməyilə xəritədə evlərin şəkillərinə baxırmış və göldə batmış maşını görüb. Maraqlıdır ki, göldə batmış maşın 2007-ci ildən xəritədə aydın görünürmüş, amma heç kim ona diqqət yetirməyib. Google xəritələrində (Moon Bay Circle, Wellington) maşını hələ də aydın görmək mümkündür.

Palm-Biç əyalətinin polis idarəsində bildiriblər ki, Vilyam çox güman ki, idarəetməni itirib və gölə düşüb. Hadisənin üstündən uzun müddət keçdiyi üçün insidentin səbəbini müəyyənləşdirmək olduqca çətindir. “Biz yalnız bilirik ki, 22 il əvvəl Vilyam yoxa çıxmışdı və indi isə tapılıb”, – deyə idarədən bildiriblər.

Məlum olub ki, Vilyam gecə saat 23:00 radələrində klubdan çıxıb və yarım saat əvvəl sevgilisinə zəng edərək bildirib ki, bir azdan evdə olacaq, amma evə çatmayıb. Vilyam içki aludəçisi olmasa da, həmin gecə barda içdiyi də polisə bildirilibmiş.
Moldtun qohumlarına onun qalıqlarının tapılması barədə deyilib. Bəs, görəsən, onun sevgilisi indi haralardadır?
