“Keçmiş nazirlə onsuz da yola getmirdim, heç məni orada tanıyan yox idi, indi görək, bəlkə…”backend

"Keçmiş nazirlə onsuz da yola getmirdim, heç məni orada tanıyan yox idi, indi görək, bəlkə..."

KONKRET.az tanınmış rejissor Kənan Mahmudovun (Kənan MM) yenisabah.az-a müsahibəsini təqdim edir:

– Kənan bəy, bir ilə yaxındır davam edən pandemiya sizin yaradıcılığınıza necə təsir etdi?

– Əlbəttə ki, pandemiya mənə də təsir edib. Psixoloji olaraq aktyorlar problem yaşayırlar, üstəgəl maddi problemlər də var. Məsələn, bir səhnə çəkmək istəyirsən, amma kafe, restoranlar bağlıdır. Ev tapmaq istəyirsən, yoxdur. Yaxud da qucaqlaşma və ya hər hansı təmas səhnəsi çəkmək istəyirsən, amma olmaz. Cəmiyyətdə baş verən hadisələr istər-istəməz ssenariyə də təsirsiz ötüşmür, ssenarini dəyişə bilməzsən, çünki drammaturgiyaya təsir edir. Bütün bunlar nəticə etibarı ilə işin keyfiyyətinə mütləq mənfi təsir edir.

– Artan pandemiya dövründə insanların özlərini emosional olaraq tükənmiş hiss edirdilər. Bu barədə sizin müşahidələriniz nə oldu?

– Düşünürəm ki, idman zallarını açmaq lazım idi. Ən azından idman zalları açıq olarsa, insanların immunitet problemi olmazdı. Fərdi şəkildə zalları açmaq olar. 10-15 nəfərdən çox zala buraxmamaq şərtilə insanlar idmanla məşğul ola bilər deyə düşünürəm. Hər halda idman zalında avtobuslardakı qədər insanlar bir-birinə yaxın olmur. Zatən normal şərtlərdə də zalda bir-birinə çox yaxın getmirlər, onlar tərli olurlar, məsafə saxlayırlar. Pandemiya tək yaradıcılığa, bu sahədə çalışan insanlara yox, ümumiyyətlə, hər kəsə pis təsir edib. İnsanların psixologiyası korlanıb. Bu yaxınlarda sosial şəbəkədə qarşıma keçmiş toylardan birinin görüntüləri çıxdı, baxdım, mənə qəribə gəldi ki, biz əvvəllər toya gedirmişik… İstər-istəməz bununla barışırsan, həyat tərzinə çevrilir, bu nə dərəcədə yaxşıdır, ya pis bilmirəm. Ondan əlavə birinci sinifə, unuversitetin birinci kursuna gedənlərə yazığım gəlir. Onlayn dərs olmaz, belə bir dünya yoxdur. Allah hamıya kömək olsun. Deyirlər, palaza bürün, elnən sürün.

– 44 günlük Qarabağ savaşında yaşananları unutmaq çox çətindir, bununla bağlı filmlər çəkməyi düşünürsünüzmü?

– Mən təbii ki, düşünürəm, amma bu mənim düşünməyimlə çəkilən bir şey deyil. Mədəniyyət Nazirliyi mənə “gəl çək” dedi, mən çəkmədim?!

– Yeni nazir təyin olunduqdan sonra sizi dəvət edib bu mövzuda nə isə müzakirə ediblərmi?

– Bu ölkədə film çəkməyə ən çox haqqı olanlardan biri də mənəm. Həm təcrübə baxımından, həm də vətənpərvərlik baxımından. Hətta ssenarimiz belə var, amma üzünə baxan da yoxdur. İlqar Fəhmi ilə mənim birgə işimdir, “Yeddi oğul, bir Vətən” adlanır. Amma kimə təqdim edək? Necə təqdim edək?  Bəlkə də rəsmi olaraq müraciət edib, təqdimat etmək lazımdır. Amma bilirlər ki, bu ölkədə Kənan MM var, bir çağırsınlar, desinlər ki, nələr edə bilərsən? Fəxri ad istəmirəm, ev istəmirəm, iş görmək istəyirəm. Bu qələbədən sonra bizim pis bir şey çəkməyə haqqımız yoxdur. Yenə də ümidlə gözləyirik. Keçmiş nazirlə onsuz da yola getmirdim, heç məni orada tanıyan yox idi. İndi görək, bəlkə bizi tanıyan oldu. Yeni nazirdən ümidliyik.

– Son illər çəkilən filmlər haqqında fikirləriniz necədir? Bu layihələrin keyfiyyəti sizi qane edirmi?

– Son illər guya hansı film çəkilib, nə çəkilib ki? Çəkilən filmləri onsuz da biz görmürük ki. O çəkilənlər pul silməkdən başqa bir şey deyil. Çəkirlər, atırlar qırağa, qalır. Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”. Niyə yoxdur? Sadəcə göstərmirlər. Bu filmlərin məqsədi yaradıcılıq deyil, pul silməkdir, onu da layiqli şəkildə, uğurla yerinə yetirirlər.

– Bəs yerli seriallar haqda nə düşünürsünüz?

– Seriallara gəldikdə, 10 il bundan əvvəl çəkilən seriallarla indikinin arasında yerlə-göy qədər fərq var. Məsələn “Qayıdış” serialını türklər altyazı ilə izləyirlər. Özləri səhifələrinə qoyurlar, “YouTube” kanallarında, sosial şəbəkələrdə Türkiyə-Azərbaycan bayrağı ilə paylaşırlar. Mənə qədər hansısa serialı göstərə bilərdinizmi ki, həmin seriala türklər də baxsın?

– “Qayıdış”ın çəkilişləri davam edirmi? Yeni layihələr olacaqmı?

– “Qayıdış”ın çəkilişləri bitib. Amma aprel ayının ortalarından etibarən yeni layihəyə başlayacağam. Mən uzun-uzadı serialları sevmirəm. 36 bölüm “Ləkə” serialını, 32 bölüm də “Qayıdış”ı çəkmişdim. Yeni serialım da 21 bölümdən ibarət olacaq. Hələ ki, adını açıqlamıram, aprel ayından çəkilişlər başlayacaq, yəqin ki, yeni sezondan həmin serialı ekranlarda görə biləcəksiniz.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*