Krım körpüsündə baş vermiş partlayışla daha bir bağlı Ermənistan vətəndaşı saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü xüsusi xidmət məlumat yayıb. Krım körpüsündə törədilən terror aktı ilə bağlı cinayət işi üzrə Rusiya, Ukrayna və Ermənistan vətəndaşları saxlanılıb. Ümumilikdə 9 nəfər – Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb.
“Müəyyən edilib ki, Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub”, – məlumatda deyilir.
Qeyd olunur ki, partlayıcı qurğu Odessadan Bolqarıstana, oradan Gürcüstanın Poti limanına, oradan da Ermənistana aparılıb.
FTX hücumda şübhəli bilinən şəxslərin adlarını açıqlayıb.
“Hələlik Ukrayna vətəndaşları Tsyurkalo Mixail, Kovac Denis, Solomko Roman, Gürcüstan vətəndaşları İnosaridze Sandro, Levan adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan cəlb edilib”, – deyə nazirlikdən bildirilib.
FTX-nin məlumatına görə, oktyabrın 4-də yük Gürcüstan qeydiyyatında olan avtomobillə Yuxarı Lars keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədindən keçib, oktyabrın 6-da isə Armavir topdansatış bazasına gətirilib və boşaldılıb.
Oktyabrın 7-də yükün sənədləri yenidən dəyişdirilib və alıcı kimi Krımda olmayan şirkət qeyd olunub. Həmin gün Simferopola gedən Rusiya vətəndaşı Yusubovun yük maşınına partlayıcı qurğu yüklənib.
“Və 8 oktyabr 2022-ci il saat 06.03-də Krım körpüsündə partlayış baş verib”, – FTX-nin açıqlamasında deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
