Kürün suyunun quruması ilə bağlı ekoloqdan AÇIQLAMA: “Son 70-80 ildə Azərbaycanda…” – ÖZƏLbackend

Kürün suyunun quruması ilə bağlı ekoloqdan AÇIQLAMA: "Son 70-80 ildə Azərbaycanda..." - ÖZƏL

Salyan rayonu ərazisində Kürün suyunun azalması mütəxəsisləri həyəcan təbili çalmağa vadar edir. Azərbaycanın ən böyük çayı olan Kürdə suyun səviyyəsinin kəskin azalması şirin su çatışmazlığı ilə nəticələnə bilər. Eyni zamanda ölkənin əsas su mənbəyi hesab olunan çayın quruması içməli su probleminin yaranması ilə nəticələnə bilər. Bu isə çox ciddi böhrana gətirib çıxaracaq bir məsələdir.

Mövzunu KONKRET.az-a şərh edən ekoloq Rauf Sultanovun sözlərinə görə, dünya miqyasında şirin su problemi qlobal məsələyə çevrilib: “Bunu törədən səbəblərdən biri də atmosferdə temperaturun 1,5 dərəcə artmasıdır. Bunun nəticəsində Yer kürəsindən çoxlu miqdarda su buxarlanır. Böyük və kiçik su dövranının olduğunu nəzərə alsaq, o zaman buxarlanan su yenidən yerə qayıtmalıdır. Yəni dağlardakı çaylar vasitəsilə dəniz və okeanlara qarışmalıdır. Amma indiki dövrdə Yer kürəsinin müəyyən hissəsində quraqlıq, digər tərəfində isə yağıntılar müşahidə olunur. Yağıntılar isə o qədər çoxdur ki, sellər əmələ gəlir və ölkələrə ziyan vurur. Bir sözlə təbiətdə iqlim dəyişir. Son 70-80 ildə Azərbaycanda fevral ayında bu ilki qədər isti müşahidə edilməyib. Bunun təsiridir ki, Kür çayında suyun səviyyəsi olduqca aşağı düşüb. Mövcud vəziyyət isə kənd təsərrüfatına ciddi ziyan vurur”.

Ekoloq Rauf Sultanov: "Yer kürəsində baş verən bütün proseslər Günəş sistemi ilə birbaşa əlaqəlidir"

Ekoloq əlavə edib ki, Azərbaycanda su anbarlarının daha çox tikilməsi və suya olan tələbatın ödənilməsi vacibdir: “Bu istiqamətdə xeyli işlər görülüb. Amma atılan addımlar kifayət etmir. Suyun tükənməsinin əsas səbəbi yağışların az yağması, qarlı havanın olmamasıdır. Qış daha sərt və qarlı keçsə, bu zaman qarın əriməsi nəticəsində şirin suyun miqdarı çoxala bilər. Azərbaycanda artezian quyularından həm məişətdə (içməli), həm də  təsərrüfatda geniş istifadə edilir. Təsəvvür edin ki, Qəbələdən Bakıya yeraltı (artezian) sular çıxarılaraq göndərilir. Əgər bu proses gedirsə, onda  yağış yağanda həmin suyun yerin üzərindən altına sovrulması prosesi baş verməlidir. Azərbaycanda içməli sudan normadan artıq istifadə edilir. Su isə çox qiymətlidir. Marketlərdə bir litr su az qala benzin qiymətinə satılır. Ona görə də, çaylarda suyun səviyyəsinin azalmasının qarşısını almaq üçün vacib addımlar atılmalıdır ki, içməli suya olan tələbatda problemlər yaranmasın”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*