Latviya Prezidenti Edqars Rinkevic Avropanın pilotsuz uçuş aparatları və hava müharibəsinin inkişafına uyğunlaşmaqda geri qaldığını bildirib.
KONKRET.az xəbər verir ki, Rinkevic bu barədə “The Guardian” qəzetinə müsahibəsində danışıb.
Latviya liderinin sözlərinə görə, region ölkələrinin əksəriyyəti Rusiyanın mümkün raket hücumunun qarşısını almaq imkanına malik deyil.
“Biz görürük ki, hava hücumundan müdafiə, dronlara qarşı müdafiə və raketdən müdafiə sahələrində ciddi problemlər var. Açıq danışaq: Ukraynada bu problemlər var. Bütün Avropada və NATO-da da bu problemlər mövcuddur”, – deyə Rinkevic vurğulayıb.
“The Guardian” qeyd edir ki, Ukrayna və Avropa ölkələri Patriot sistemləri və digər hava hücumundan müdafiə vasitələri üçün raketlərin tədarükündə gecikmələrlə üzləşirlər.
Qəzetin məlumatına görə, ABŞ-ın İrana qarşı müharibə zamanı raket ehtiyatlarının təxminən üçdə ikisi istifadə olunub. Bu ehtiyatların yenidən bərpasının isə azı beş il çəkə biləcəyi bildirilir.
Günay Əli
KONKRET.az
