“Armeniya” blokunun deputatı Levon Köçəryan sentyabrın 8-də keçirdiyi mətbuat konfransında Ermənistanın Aİ-yə inteqrasiya prosesindəki qeyri-müəyyənliyi və Qərbin mövqeyini tənqid edib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Köçəryan hakimiyyətin siyasi opponentlərə qarşı təqiblərini və ölkə rəhbərliyinin sərt bəyanatlarını Qərb rəsmilərinin səssizliklə qarşılamasını qınayıb. O qeyd edib ki, 10-20 il əvvəl belə özbaşınalıqlara dərhal reaksiya verilərdisə, indi Avropa nümayəndələri tərəfindən “sıfır reaksiya” müşahidə olunur və məsələlər yalnız qapalı qapılar arxasında müzakirə edilir.
Deputat hesab edir ki, həm Ermənistan hakimiyyətinə, həm də Aİ rəhbərliyinə guya Avropaya doğru irəlilədiklərini göstərən, lakin rəsmi prosesə start verməyən bu qeyri-müəyyən vəziyyət sərfəlidir. Bu, tərəflərə ölkədaxili insan hüquqları pozuntularını görməzlikdən gəlməyə imkan verir.
Hökumət proqramında 2029-cu ilə qədər vizasız rejimin əldə olunacağı ilə bağlı bəndləri Nikol Paşinyanın növbəti “patoloji yalanı” adlandıran Köçəryan, siyasi divident toplamağa çalışıldığını bildirib. Tədbirdə iştirak edən vəkil Hovannes Xudopyan əlavə edib ki, bu cür bəyanatlar fonunda ölkədə seçki saxtakarlıqları baş verir.
Natiq Səlim,
KONKRET.az
