“Lirə artıq 3-5 il öncəki dövrə qayıtmayacaq” – Bəs Türk valyutası nə qədər ucuzlaşa bilər? – Ekspert rəqəmləri AÇIQLADIbackend

"Lirə artıq 3-5 il öncəki dövrə qayıtmayacaq" - Bəs Türk valyutası nə qədər ucuzlaşa bilər? - Ekspert rəqəmləri AÇIQLADI

Türk lirəsi getdikcə daha çox dəyər itirir. Artıq 1 dollar 23-24 lirəyə bərabərdir. Bir çox iqtisadçılar isə bu rəqəmin 34-35 lirəyə çatacağı haqda fikir səsləndirirlər. Bəs görəsən, lirənin dollar qarşısında belə sürətlə dəyər itirməsi nə ilə əlaqədardır? AKP hökuməti lirənin dəyər itirməsinin qarşısını almaq üçün nə etməlidir? Ümumiyyətlə, Türk valyutasının 30-35 dollara bərabər olması mümkündürmü və bu halda qardaş ölkədə vəziyyət necə olacaq?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, seçkilərdən sonra Türk lirəsinin dəyərdən düşəcəyi gözlənilən idi: “Seçkilərin nəticələrindən asılı olmayaraq lirənin dəyərdən düşməsi baş verəcəkdi. Kılıçdaroğlu seçkilərdə qalib gəlsə belə, lirənin ucuzlaşması müşahidə olunacaqdı. Lirənin dəyərdən düşməsinin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər ondan ibarətdir ki, qardaş ölkənin çox ciddi enerji tələbatı mövcuddur. Bunun da 98 faizi xaricdən ödənilir. Yəni enerji daşıyıcılarının xaricdən asılı olması valyuta çıxışını sürətləndirən əsas amildir. Bu, lirənin ucuzlaşmasına ciddi təsir edir. İkincisi, pandemiyanın ən çox ziyan vurduğu ölkələrdən biri Türkiyə oldu. Çünki Türkiyə turizm dövlətidir. 2020-2021-ci illər ərzində turizmlə bağlı ciddi məhdudiyyətlər tətbiq edildi. Ölkəyə valyuta daxilolmalarında ardıcıl 3 il ərzində çətinliklər yaşandı. Bu amili də obyektiv səsbəb kimi göstərmək olar. Difər tərəfdən, Türkiyənin ixracatında müəyyən artım olsa da, bu, idxalı da artıran faktordur. Çünki istehsalda istifadə edilən komponentlərin bir çoxu xaricdən alınır. Bu da valyuta tələbatını artıran faktora çevrilir. Subyektiv səbəblərə isə AKP-nin 12 il ərzində iqtisadiyyatdakı ciddi səhvlərini göstərə bilərik. Mərkəzi Bankın funksiyalarının azaldılması, müstəqilliyinin zəiflədilməsi, hakimiyyətin icra qoluna tabe etdirilməsi doğru yol deyildi. Bu, investorlar üçün çox pis siqala çevrildi. Həmçinin Türkiyədə “damat ekonomisi” dönəmi də oldu. Yəni Ərdoğan öz qızının yoldaşını iqtisadiyyatdan sorumlu bir nazir təyin etdi. Həmin dövr Türkiyə iqtisadiyyatında fəsadlara səbəb oldu. Bundan başqa verilən bir çox vədlər yerinə yetirilmədi”.

Natiq Cəfərlinin sözlərinə görə, vəziyyəti düzəltmək üçün sehirli çubuq yoxdur və proses bir müddət belə davam edəcək: “Bir dolların 25 lirə civarında olması ehtimalı çox yüksəkdir. İlin sonuna qədər bir dolların 25-30 lirə olması gözlənilir. Amma sonradan müəyyən sabitləşmə baş verəcək. Yeni qurulan hökumətin açıqlamalarına görə, sabitlik üçün addımlar atılacaq və Mərkəzi Bankın müstəqilliyi təmin olunacaq. Eyni zamanda faizlərin artırılması, iqtisadi dəyişikliklərin baş verməsi mümkündür. Bir sözlə, ilin sonuna qədər lirənin sabitləşəcəyi gözlənilir. Bu, həm də turizm sezonundan asılı olacaq. Əgər turizm mövsümü Türkiyə üçün uğurlu olsa, bu, lirəyə müsbət təsir göstərəcək. Amma istənilən halda lirənin artıq 3-5 il öncəki dövrə qayıtması mümkün deyil. Yəni bir dolların 15-20 lirədən aşağı enməsi yaxın illər ərzində ehtimal edilmir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*