Maldiv adaları Rusiya tərəfindən sanksiyalardan yan keçmək üçün məxfi logistika mərkəzi kimi istifadə edilir.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Qeyd olunur ki, sözügedən sxem Male aeroportu vasitəsilə həyata keçirilir: yerli vasitəçilər ABŞ, Avropa və Çindən gələn yükləri rəsmiləşdirir, bundan sonra həmin yüklər “Aeroflot”un Moskvaya olan gündəlik reyslərinə yüklənərək yola salınır. Sənədlərin yenidən rəsmiləşdirilməsi zamanı ilkin satıcı haqqında məlumatlar yox olur, mallar isə yalnız minimal gömrük yoxlamasından keçir.
Maldivlər vasitəsilə Rusiyaya təyyarə ehtiyat hissələri, raketlərin idarəetmə sistemləri üçün mikroçiplər, peyklər üçün optik avadanlıqlar, eləcə də təyyarələr və uzaqmənzilli raketlər üçün yararlı detallar göndərilir. Məhsulların bir hissəsini Rusiyada sanksiyalar altında olan biznes qurumları əldə edir.
Miqyası Ukraynadakı müharibənin başlanmasından sonra kəskin şəkildə artan bu sxem Rusiya statistikasına da təsir edib. Belə ki, ölkənin Maldivdən idxalı 2021-ci ildəki 7 milyon dollardan az olan rəqəmdən 2022-ci ildə 630 milyon dolları ötüb. ABŞ və Avropa İttifaqı artıq bu kanalın bağlanması üçün ada dövlətinin hakimiyyətinə təzyiq göstərir.
Natiq Səlim,
KONKRET.az
