50 il əvvəl, 18 sentyabr 1976-cı ildə Çin ölkənin həyatını təxminən üç onillik ərzində müəyyənləşdirən lideri Mao Çzedunla vidalaşdı. Çin Xalq Respublikası ilə SSRİ arasında münasibətlərin son dərəcə gərgin olduğu bir dövrdə Sovet İttifaqı Maonun ölümünə təmkinli reaksiya verdi və rəsmi başsağlığı ilə kifayətləndi. Bununla belə, ABŞ prezidenti Cerald Ford da daxil olmaqla bir sıra Qərb liderləri Maonun tarixi rolunu açıq şəkildə qeyd etdilər.
Mao Çzedunun ölümündən cəmi bir neçə il sonra isə Çinin yeni rəhbərliyi onun siyasi irsinə yenidən nəzər salmağa başladı. Mədəni İnqilab ciddi şəkildə tənqid olundu, lakin Maonun Çinin qurulmasında və ölkənin müasir tarixində oynadığı rol bütövlükdə rədd edilmədi.
KONKRET.az Mao Çzedunun ölümündən sonra Çində hakimiyyət uğrunda mübarizənin necə getdiyini və onun ölkənin tarixi yaddaşında niyə bu gün də xüsusi yer tutduğunu araşdırır.
Maonun son illəri
1976-cı ilə qədər Mao Çzedun 30 ildən artıq müddətdə Çin Kommunist Partiyasına rəhbərlik etmişdi. Ömrünün son illərində ağır xəstəliklərdən əziyyət çəkən Çin lideri getdikcə daha az ictimaiyyət qarşısına çıxır və ölkənin gündəlik idarəçiliyindən uzaqlaşırdı. Bununla belə, Mao son günlərinə qədər xarici siyasətdə müəyyən rol oynamaqda davam edirdi. 1972-ci ildə o, ABŞ prezidenti Riçard Niksonu Pekində qəbul etmiş, 1975-ci ilin dekabrında isə ABŞ-ın növbəti prezidenti Cerald Fordla görüşmüşdü. Maonun görüşdüyü sonuncu xarici lider Pakistanın baş naziri Zülfüqar Əli Bhutto oldu. Onların təxminən 10 dəqiqə davam edən görüşü 27 may 1976-cı ildə baş tutdu.

Bu dövrdə ÇKP daxilində də gələcək hakimiyyət uğrunda mübarizə gedirdi. Partiyada solçu radikallarla daha praqmatik siyasət tərəfdarları arasında fikir ayrılıqları dərinləşmişdi. Mao bu qruplar arasında tarazlığı qorumağa çalışırdı və nisbətən mötədil mövqeyi ilə seçilən Hua Guofengi mümkün varis kimi önə çıxarmışdı.
1976-cı ilin aprelində Hua Guofeng ÇKP Mərkəzi Komitəsinin birinci müavini və Dövlət Şurasının baş naziri təyin edildi.
Maonun ölümü
1976-cı ilin yazında Maonun səhhətinin kəskin pisləşdiyi barədə partiya rəhbərliyinə məlumat verildi. Çin liderinin bir neçə dəfə infarkt keçirdiyi bildirilirdi. 2 sentyabrda Mao yenidən infarkt keçirdi və bundan sonra demək olar ki, yataq xəstəsi oldu. Sentyabrın 8-də komaya düşdü. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, nəticə olmadı. Mao Çzedun 9 sentyabr 1976-cı ildə, saat 00:10-da, 82 yaşında vəfat etdi.

Onun ölüm xəbəri yalnız həmin gün saat 16:00-da rəsmi şəkildə elan edildi. Ölkədə milli matəm elan olundu, dövlət bayraqları yarıya endirildi, əyləncə tədbirləri dayandırıldı və teatrlar bağlandı. Maonun ölümü Çin rəhbərliyi üçün yalnız böyük siyasi hadisə deyil, həm də hakimiyyət məsələsinin dərhal həllini tələb edən ciddi böhran idi. Onun ətrafında olan siyasi qruplar gələcək hakimiyyət uğrunda mübarizəyə hazırlaşırdı.
Pekində milyonlarla insan yas saxladı
Maonun ölüm xəbərindən sonra Pekində Tiananmen Meydanına minlərlə insan toplaşdı. Böyük Xalq Zalında təşkil olunan vida mərasimində yüz minlərlə, ümumilikdə isə təxminən bir milyon insanın Maoya ehtiramını ifadə etdiyi bildirilir. Əsas anım mərasimi 18 sentyabrda Tiananmen Meydanında keçirildi. Tədbir ölkə üzrə yayımlandı. Həmin gün saat 15:00-da bütün ölkədə üç dəqiqəlik sükut elan edildi.
Jurnalistlərin təsvirlərinə görə, həmin vaxt piyadalar dayandı, sürücülər avtomobillərini saxladı, qatarların hərəkəti dayandırıldı, fabrik və idarələrdə çalışan insanlar başlarını aşağı əyərək Maonun xatirəsini yad etdilər. Xarici dövlətlərin liderləri anım mərasiminə dəvət olunmadılar.
Mao niyə dəfn edilmədi?
Maraqlı məqamlardan biri Maonun cəsədinin dəfn olunmaması oldu.

Mao sağlığında kremasiyanı müdafiə etmişdi. Lakin ölümündən sonra onun cəsədinin qorunub saxlanılması və xalqın ziyarəti üçün nümayiş etdirilməsi qərara alındı. Çinli mütəxəssislər cəsədin uzun müddət qorunması üçün xüsusi texnologiya hazırlamalı oldular. SSRİ ilə münasibətlərin gərginliyi səbəbindən bu sahədə Moskvadan yardım istənilməsi mümkün deyildi. Bir il sonra Maonun balzamlanmış cəsədi Tiananmen Meydanında onun xatirəsinə tikilmiş memorial salonda xüsusi kristal sarkofaqa yerləşdirildi. Memorial 9 sentyabr 1977-ci ildə açıldı və bu gün də fəaliyyət göstərir.
Dünyanın Maonun ölümünə reaksiyası
Maonun ölümü beynəlxalq aləmdə də geniş əks-səda doğurdu. 120-dən çox ölkənin dövlət və hökumət başçıları Pekinə başsağlığı göndərdi. 55 ölkə matəm əlaməti olaraq dövlət bayraqlarını yarıya endirdi. Çin rəhbərliyi ümumilikdə 169 teleqram və məktub aldı.
Çinə dost ölkələrin liderləri Mao haqqında xüsusilə müsbət fikirlər səsləndirdilər. KXDR lideri Kim İr Sen Koreya müharibəsi zamanı Çin və Şimali Koreya qüvvələrinin birgə mübarizəsini xatırladı. Yuqoslaviya prezidenti İosip Broz Tito isə Maonu Çinin ən görkəmli liderlərindən biri kimi xarakterizə etdi. Mao haqqında Qərb liderləri də müsbət fikirlər səsləndirdilər. Fransa prezidenti Valeri Jiskar d’Estaing Maonun Çini keçmişin alçaldılmalarından çıxardığını və ölkəni dünya tarixində ona məxsus olan mövqeyə qaytardığını bildirdi.

ABŞ prezidenti Cerald Ford isə ABŞ-Çin münasibətlərinin normallaşmasını Maonun hakimiyyəti dövründə başlayan proseslə əlaqələndirdi. O, iki ölkə arasında uzun illər davam edən düşmənçiliyin aradan qaldırılması və yeni münasibətlər mərhələsinin başlanmasında Maonun rolunu vurğuladı.
Lakin bütün reaksiyalar müsbət deyildi. Tayvan rəhbərliyi materik Çindəki antikommunist qüvvələri Kommunist Partiyası daxilində yaranmış hakimiyyət mübarizəsindən istifadə etməyə və üsyana çağırdı.
SSRİ-dən təmkinli başsağlığı
Sovet İttifaqının reaksiyası isə olduqca təmkinli idi. 1976-cı ilə qədər Moskva ilə Pekin arasında münasibətlər uzun illərdir ciddi qarşıdurma mərhələsində idi. Buna görə də SSRİ rəhbərliyi yalnız rəsmi başsağlığı ilə kifayətləndi.
Sov.İKP Mərkəzi Komitəsi adından Çinə teleqram göndərildi. SSRİ xarici işlər naziri Andrey Qromıko isə Moskvadakı Çin səfirliyinə gedərək başsağlığı verdi.

Maonun ölümündən sonra hakimiyyət uğrunda mübarizə
Mao Çzedunun ölümündən sonra Çində əsas siyasi məsələ onun yerinə kimin keçəcəyi idi. Hua Guofeng Maonun həyatının son aylarında mümkün varis kimi önə çıxsa da, partiya daxilində hakimiyyət uğrunda mübarizə davam edirdi. Bu mübarizənin həlledici mərhələsi 6 oktyabr 1976-cı ildə baş verdi. Hua Guofeng və onun müttəfiqləri Mao Çzedunun dul arvadı Jiang Qingin də daxil olduğu “Dördlük Dəstəsi”nin əsas liderlərini həbs etdilər. Bu hadisə faktiki olaraq Mədəni İnqilabın sonunu qoydu.
Lakin Hua Guofengin hakimiyyəti uzunmüddətli olmadı. Partiya daxilində onun mövqeyi tədricən zəiflədi və Mədəni İnqilabın ən radikal siyasətlərini tənqid edən Den Syaopin yenidən siyasi səhnənin əsas fiqurlarından birinə çevrildi.
Çində yeni dövr başlayır
1978-ci ilin sonunda Den Syaopinin siyasi xətti Çində həlledici mövqe qazandı. ÇKP Mərkəzi Komitəsinin 11-ci çağırışının Üçüncü Plenumunda partiyanın əsas diqqəti sinfi mübarizədən iqtisadi inkişafa yönəldildi. “İslahat və açıqlıq” siyasəti elan edildi. Beləliklə, Mao dövründən fərqli yeni siyasi-iqtisadi mərhələ başladı.
Lakin Den Syaopin və onun tərəfdarları Maonun bütün irsindən imtina etmədilər. Əksinə, yeni rəhbərlik Maonun siyasətini iki istiqamətdə qiymətləndirməyə başladı: bir tərəfdən Mədəni İnqilab və həmin dövrün repressiv siyasəti ciddi tənqid edildi, digər tərəfdən isə Maonun Çin Xalq Respublikasının yaradılmasındakı rolu və ölkənin siyasi tarixindəki əhəmiyyəti qorundu.

Bu yanaşma 1981-ci ildə ÇKP Mərkəzi Komitəsinin partiyanın tarixi ilə bağlı qəbul etdiyi qətnamədə rəsmiləşdirildi. Sənəddə Mədəni İnqilab ciddi səhv kimi qiymətləndirilsə də, Maonun Çin inqilabında və ÇXR-in yaradılmasında tarixi rolu yüksək qiymətləndirildi.
Den Syaopin sonrakı illərdə Maonun fəaliyyətinə münasibətdə “70 faiz nailiyyət, 30 faiz səhv” formulunu xatırladırdı.
Mao bu gün Çində necə xatırlanır?
Müasir Çində Maonun irsinə münasibətdə bu ikili yanaşma ümumilikdə qorunub saxlanılır. 2013-cü ildə Mao Çzedunun anadan olmasının 120-ci ildönümü ilə bağlı çıxışında Çin prezidenti Si Cinpin onun hakimiyyətinin son illərində, xüsusilə Mədəni İnqilab dövründə yol verilmiş ciddi səhvləri qeyd etdi. Eyni zamanda, Maonu böyük vətənpərvər və milli qəhrəman kimi xarakterizə etdi. Sonrakı illərdə Si Cinpinlə Mao Çzedun arasında siyasi paralellər də artmağa başladı. 2017-ci ildə Si Cinpinin siyasi ideyaları o, hələ hakimiyyətdə olduğu halda ÇKP-nin nizamnaməsinə daxil edildi.

Bundan əlavə, Si Cinpin Maodan sonra iki tam beşillik müddəti başa vurduqdan sonra partiyaya rəhbərlik etməyə davam edən ilk Çin lideri oldu. Bütün bunlar Mao Çzedun obrazının müasir Çin siyasi sistemində və ölkənin tarixi yaddaşında xüsusi əhəmiyyətini qoruduğunu göstərir.
Mao Çzedunun irsi bu gün də ziddiyyətli qiymətləndirilir. Onun rəhbərliyi altında Çinin siyasi sisteminin formalaşması, dövlətin qurulması və beynəlxalq münasibətlərdə ölkənin mövqeyinin dəyişməsi bir tərəfdə, Mədəni İnqilab, repressiyalar və böyük siyasi-sosial sarsıntılar digər tərəfdə dayanır. Çinin rəsmi yanaşması isə bu iki aspekti bir-birindən ayıraraq Maonun tarixi rolunu qorumağa, eyni zamanda onun hakimiyyətinin son dövründə baş vermiş ağır səhvləri qəbul etməyə əsaslanır.

Məhz buna görə Mao Çzedun ölümündən 50 il sonra da Çin tarixində yalnız keçmişin lideri deyil, ölkənin siyasi kimliyinin və dövlətçilik yaddaşının mühüm simalarından biri olaraq qalır.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

