Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a gələcək İran nümayəndə heyətinin üzvləri burada elit brendlərin ayaqqabı, parfümeriya və saatlarını ala bilməyəcəklər.
KONKRET.az xəbər verir ki, İranla müharibə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının əsas müzakirə mövzularından biri olacaq. İclasda İran nümayəndələrinin də iştirakı gözlənilir. İranın builki nümayəndə heyətinin ötən illə müqayisədə daha az sayda üzvdən ibarət olacağı və onun üzvlərinə bir sıra məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilir.
Belə ki, 2025-ci ildən etibarən İranın BMT-dəki nümayəndəliyi və onun əməkdaşları, həmçinin BMT ilə bağlı məsələlər üzrə ABŞ-a səfər edən İran hökumətinin rəsmiləri müəyyən dəbdəbəli məhsulları almaq üçün ABŞ Dövlət Departamentindən əvvəlcədən icazə almalıdırlar. Məhdudiyyətlərə dəri məmulatları, saatlar, zərgərlik əşyaları, ayaqqabı, kosmetika, parfümeriya və hər birinin qiyməti 1000 dollardan yuxarı olan elektronika məhsulları daxildir. Bundan əlavə, Costco, Sam’s Club və BJ’s kimi topdansatış şəbəkələrinə üzvlük və bu mağazalardan alış-veriş etmək üçün də əvvəlcədən icazə tələb olunur.
BMT Baş Assambleyasının ümumi müzakirələri sentyabrın 22-də Nyu-Yorkda başlayacaq. Tədbirdə 140-a yaxın ölkənin nümayəndələrinin iştirakı gözlənilir. ABŞ prezidenti Donald Trampdan başqa, İsrailin Baş naziri Benyamin Netanyahu, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenskinin də Nyu-Yorka səfər edəcəyi gözlənilir.
Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
