“Maşın ustaları müəllimdən daha çox qazanır” – Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİbackend

"Maşın ustaları müəllimdən daha çox qazanır" - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ

Son bir həftə ərzində 4 yeniyetmənin intiharı cəmiyyətdə ciddi narahatlıq yaradıb. Başvermə ardıcıllığına və əlamətlərinə görə, hətta bu hadisənin cinayət tərkibli olması ilə bağlı da fikirlər səsləndirilir. Fərq etməz, bu və ya başqa səbəb – nəticə etibarlə suisit (intihar) halı baş verib və bu, cəmiyyətə ciddi siqnaldır.

Ard-arda baş verən müəmmalı hadisənin əsl səbəbləri isə hər kəsi düşündürür. Hadisə qurbanlarının dördünün də yeniyetmə olması və intiharların qəbul imtahanları ilə eyni vaxta təsadüf etməsi isə müəmmanı daha da gücləndirir.

KONKRET.az bu kimi halların başvermə səbəblərini mütəxəssislərlə aydınlaşdırmağa çalışıb.

Psixoloq Gülnar Orucova saytımıza açıqlamasında yeniyetmələrin intiharında bir nömrəli səbəbkar kimi valideynləri suçlayıb:

“Valideynlər övladlarına universitet diplomu yerinə peşə təhsili versələr, onlara daha yaxşı gələcək qura bilərlər. Lakin onlar uşaq bacardı-bacarmadı ondan daha yüksək nəticə tələb edirlər. Uşağını repetitor yanına qoyub, ondan yüksək nəticə tələb edən minlərlə valideyn var. Uşaq bunun altından qalxa bilməyəndə isə depressiyaya düşür və çıxış yolunu intiharda görür”.

Psixoloq deyir ki, hazırda maşın ustaları ali savadlı müəllimdən daha çox qazanır:

“Bu gün maşın ustaları gününə 100-150 manat qazanır. Halbuki savadlı müəllim gününə heç 100 manat qazanmır. Aşpazların qazandığı əməkhaqqına baxaq, salon ustalarının qazancını götürək… yəni diplom heç də həmişə yaxşı gələcək vəd etmir.

Valideynlər bu gün kreditə bahalı ev alırlar. Sonra onun pulunu ödəmək üçün gecə-gündüz çalışırlar. Uşaq qayğıdan, nəzarətdən, sevgidən kənarda qalır. Bəzən bu borclara görə ailələrdə münaqişələr yaşanır. Uşaq da bu kimi xoşagəlməz halların şahidi olur.

Valideynlər elə bilirlər ki, uşağa ayfon telefonu almaq, onu bahalı restorana aparıb, yedirib, şəkil çəkib statusa qoymaq sevgidir. Xeyr, sevgi sözlərlə ötürülməlidir, hiss etdirilməlidir. İntiharların bir səbəbi də sevgisizlikdir”.

Sosioloq Üzeyir Şəfiyev isə hesab edir ki, yeniyetmələr arasında ucuz “herostrat şöhrət”ə görə intihar edənlər artıb:

“İnsan tarixdə qalmaq istəyir, yadda qalmaq istəyir. Ondan danışsınlar kimi düşüncələrə qapılır. Ucuz bir şöhrətə görə özünə qəsd edənlər var. Bu “herostrat şöhrət” deyilən intihar növüdür.

Ümumilikdə isə yeniyetmələr arasında intihar hallarının təqribən 20%-ə qədəri evdəki qadağalarla bağlıdır. Uşaqlar valideynlər tərəfindən qadağalara dözə bilmirlər və bu yola əl atırlar.

18-20% cəzadan qorxaraq intihar edənlərdir. Məsələn, düşünür ki, bu əməlin nəticəsində bu cəzanı alacaq. O cəzanı alınca, elə özünü öldürsə yaxşıdır düşünür”.

Üzeyir Şəfiyev deyir ki, uşaqlar bir çox mövzuları valideynləri ilə bölüşə bilmirlər. Yəni müasir dövrümüzdə valideyn-övlad münasibətlərində böyük sədd var:

“Bəzən onlar düşdükləri labirintdən çıxış yolu tapmaqda çətinlik çəkirlər. Valideynlərlə də elə mövzular var ki, bölüşə bilmirlər. Bəzən görürsən, qız uşağıdır, başına elə hadisə gəlir ki, valideyninə deyə bilmir. Oğlan uşağında da başqa problem ola bilir. Ona görə uşaqla valideynin ortaq səmimi söhbətləri olmalıdır ki, ona dəstək ola bilsin. Onu motivə edə bilsin”.

Mütəxəssis deyir ki, bütün suisit hallarının əlamətləri var. Hər kəs suisitdən öncə özünü qəribə aparır:

“Məsələn, ölümlə bağlı araşdırma aparırlar. Asan ölümlə bağlı dostlarına, yaxınlarına suallar verirlər. Ölüm haqqında tez-tez danışırlar.

Digər tərəfdən, insanın yeniyetməlik dövründə həyatla bağlı sualları ortaya çıxır: “Mən kiməm?”, “Bu həyatda məni nə gözləyir?” və s. Yəni həyatla dialoqu başlayır.  Bu dialoqdan məntiqli cavab tapa bilməyəndə, həyatında hədəf və məna görməyəndə, “yaşamağa dəyərmi-dəyməzmi” dilemması qarşısında qalırlar”.

Sosioloq hesab edir ki, Abşeronda yaşanan intihar hadisələrinin baş verməsi də artıq katalizator kimi yeniyetmələrə təsir edir. “Ona görə də valideynlər mütləq övladları ilə vaxt keçirməli, onların daxili dilini çözməlidirlər”.

Aidə Ramizqızı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*