Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a son səfəri zamanı amerikalı milyarder, SpaceX şirkətinin sahibi İlon Maskla görüşmək istəsə də, bu baş tutmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə The Atlantic nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Zelenski görüşdə Rusiya ərazisindəki ballistik raket buraxılış qurğularına zərbələrin koordinasiyası məqsədilə Starlink sistemindən istifadəyə icazə məsələsini müzakirə etməyi planlaşdırırdı. Lakin İlon Mask görüş dəvətini qəbul etməyib.
Məlumata görə, bundan sonra Zelenski ABŞ Prezidenti Donald Trampdan bu məsələni Maskla müzakirə etməsini istəyib.
Bildirilir ki, Tramp bu barədə danışacağını desə də, söhbətin nə vaxt baş tutacağı və yekun qərarının necə olacağı ilə bağlı konkret tarix açıqlamayıb.
The Atlanticın mənbələrinin sözlərinə görə, Trampın yekun qərarı bu addımın müharibənin daha tez başa çatmasına töhfə verib-verməyəcəyi ilə bağlı qiymətləndirməsindən asılı olacaq. Əgər o, bunun münaqişəni daha da gərginləşdirəcəyini hesab etsə, icazənin verilməsi ehtimalı aşağı olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
