Oruc tutmaq mövzusunda bəzi hallarda həyat yoldaşları və ya valideynlər tərəfindən məcburiyyət halları qeydə alınır. Bu vəziyyət ailə münasibətlərində qarşılıqlı hörmət və fərdi seçim azadlığı məsələsini gündəmə gətirir. Eyni zamanda, məcburiyyət altında yerinə yetirilən ibadətin dini baxımdan necə qiymətləndirildiyi sual doğurur. Orucun qəbul olunması ilə bağlı yaranan bu müzakirələr cəmiyyətdə müxtəlif yanaşmalara səbəb olur. Mövzu həm də dini qaydalar baxımından diqqət tələb edir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan Demokrat.az-a bildirib ki, Ramazan ayı mərhəmət ayıdır, zəhmət və məşəqqət ayı deyil:
“Bu ay insanlara səbir, anlayış və qarşılıqlı hörmət aşılayan dövr kimi dəyərləndirilir. Təəssüf ki, bəzi hallarda qadınlar və uşaqlar oruc tutmağa məcbur edilir və bu, ailə daxilində gərginlik yaradır. İbadət həvəs və sevgi ilə yerinə yetirilməlidir, çünki onun mahiyyəti könüllülük və səmimiyyət üzərində qurulub. Uşaqları yalnız maarifləndirmək və həvəsləndirmək olar, lakin onları məcbur etmək düzgün deyil”.
O bildirib ki, məcburiyyət altında tutulan oruc dini baxımdan arzuolunan sayılmır:
“Əgər kimsə həyat yoldaşını və ya övladını zorla ibadətə məcbur edirsə, bu davranış ciddi məsuliyyət doğurur və mənəvi baxımdan qəbul edilmir. Çünki, Allaha səmimi qəlbdən iman edən insan başqalarına əziyyət verməməli, dindən uzaqlaşmağa səbəb olmamalıdır. Əksinə, ibadətə sevgi və maraq oyatmalı, nümunəvi davranışı ilə təsir göstərməlidir. Təzyiq və zor tətbiqi nəinki münasibətlərə zərər vurur, həm də şəxsin öz ibadətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən Ramazan ayının ruhuna uyğun olaraq qarşılıqlı anlayış və könüllülük prinsipi əsas götürülməlidir”.
