Son günlər daha bir ölkədə hantavirus hallarının qeydə alınması bu infeksiyanın yenidən gündəmə gəlməsinə səbəb olub. Mütəxəssislər bildirirlər ki, xəstəliyin ilkin əlamətləri adi qriplə çox oxşar olduğundan insanlar çox vaxt təhlükəni gec anlayırlar.
Bəs hantavirusun əsas simptomları hansılardır və onu adi mövsümi qripdən necə fərqləndirmək olar?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, hantavirus nadir rast gəlinən, lakin ağır fəsadlar törədə bilən virus infeksiyasıdır.

Onun sözlərinə görə, virus əsasən siçan, siçovul kimi gəmiricilərin nəcis, sidik və tüpürcəyi ilə təmas nəticəsində yayılır:
“İnsanlar arasında yoluxma çox nadir hallarda müşahidə olunur. Təhlükəli məqam isə xəstəliyin başlanğıcının adi qripə bənzəməsidir. İlk günlərdə yüksək hərarət, halsızlıq, əzələ ağrıları – xüsusilə bel, ayaq və çiyin nahiyəsində ağrılar yaranır. Üşütmə, ürəkbulanma, qarın və baş ağrısı da müşahidə edilir.
Sonrakı mərhələdə nəfəs darlığı, öskürək, bəlğəm, arterial təzyiqin düşməsi baş verə bilər. Bəzi hantavirus növləri böyrəklərə də təsir göstərir və həmin şəxslərdə böyrək ağrıları yaranır”.
Günay Lətifova vurğulayıb ki, hantavirusu adi qripdən fərqləndirmək çətin olsa da, müəyyən fərqli cəhətlər mövcuddur:
“Adi qripdə daha çox burun axması, asqırma və boğaz ağrısı olur. Hantavirusda isə güclü nəfəs darlığı və ağır halsızlıq daha qabarıq şəkildə özünü göstərir”.
Mütəxəssis xüsusilə kənd evləri, zirzəmilər, anbarlar kimi uzun müddət təmizlənməyən məkanlarda yaşayan şəxslərin diqqətli olmasını tövsiyə edib:
“Əgər həmin mühitdə siçan izi və ya nəcis varsa, virus hava yolu ilə insana keçə bilər. Belə yerlərdə çalışan və ya yaşayan şəxslər daha diqqətli olmalıdırlar. Simptomlar hiss olunarsa, qorxmadan dərhal həkimə müraciət etmək lazımdır. Bu xəstəlikdə erkən diaqnoz çox vacibdir”.
Aynurə İsmayıl
KONKRET.az
