“1996-cı il Lissabon sammitində Qarabağ məsələsinin özünütəyinetmə prinsipi əsasında, Azərbaycana məxsus ərazidə özünüidarə edən qurum statusu verilməklə həll edilməsi barədə qərar qəbul olunub. Bu təklifdən kənar məsələni həll etmək üçün başqa heç bir variant yox idi”.
KONKRET.az xəbər verir ki, bu sözləri mayın 18-də İrəvanda seçkiqabağı təşviqat kampaniyası zamanı məzuniyyətdə olan və hazırda ölkədə hakim partiya olan “Mülki Müqavilə”nin deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan olan Artur Osipyanın suallarını cavablandırarkən deyib.
Osipyan Paşinyana Ermənistanın həmin sənədin qəbuluna veto qoyduğunu xatırladıb: “2019-cu ildə masada referendumun keçirilməsini nəzərdə tutan sənəd var idi və bura Qarabağın müstəqillik qazanması məsələsi də daxil edilə bilərdi. Masadakı sənəddə Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğuna dair tək bir sətir belə yox idi”.
Paşinyan isə cavabında Qarabağ məsələsinin yalnız Azərbaycanın tərkibində həll oluna biləcəyini vurğulayıb: “Qarabağ məsələsi Ermənistanı tələdə saxlamaq üçün bir tələ idi”.
Osipyan Ermənistanın Müstəqillik Bəyannaməsində əks olunan maraqlarını irəli aparmağın vacibliyinə diqqət çəkib. Paşinyan isə Müstəqillik Bəyannaməsini qəbul etmədiyini, çünki onun dövlətçiliyə zidd bir bəyannamə olduğunu bildirib.
Daha sonra Osipyan qeyd edib: “Siz Qarabağ klanına milyardlarla dram vəsait ayırıb onlara dəstək verdiyiniz vaxtda, biz həmin klana qarşı mübarizə aparırdıq”. Paşinyan isə həmin milyardlarla Qarabağda pensiyaların ödənildiyini deyib.
Osipyan Azərbaycanın ermənilərin məskunlaşdığı ərazilərə azərbaycanlıların qaytarılması şərtini irəli sürdüyünü xatırladıb. Bundan sonra Paşinyan səsini ucaldaraq Ermənistanın gündəmində belə bir məsələnin olmadığını bildirib: “Sən niyə gəlib burada Azərbaycanın tezislərini təbliğ edirsən?” – deyə o sual edib. Osipyan isə cavabında “Azərbaycanın tezislərini elə siz özünüz irəli sürürsünüz” deyərək baş naziri tonunu aşağı salmağa çağırıb.
Bu sözlərdən sonra Paşinyan Qarabağ ermənilərini Qarabağı tikməməkdə və qurmamaqda ittiham edib. Sonda vəziyyət daha da gərginləşib və mühafizəçilər Osipyanı ərazidən uzaqlaşdırıblar.
Paşinyan isə onun ardınca qışqıraraq kəskin ifadələr işlədib: “Rədd ol burdan! Bu Qarabağın qondarma elitası rədd olsun burdan. Siz, qaçıb gələnlər… Sənin burada nə işin var ümumiyyətlə? Kimdir onlar? Bu Qarabağın qondarma elitası hələ bir barmaq da silkələyir. Rədd olun ümumiyyətlə, siz kimsiniz? Artur Osipyan, get başını divara vur! Gedib bizim uşaqlarımızın yerinə öləydin də. Oğrular, heyvanlar. Siz Qarabağ xalqını girov götürmüşdünüz. Sən niyə ümumiyyətlə sağ qalmısan ki, hələ bir 5000 qurbandan da danışırsan? Ay alçaq! Şahramanyan niyə sağdır? Digərləri niyə sağdır? Sizin parlamentin deputatları adlandırdığınız şəxslər niyə sağdırlar? Niyə ölməyiblər? Ermənistanda Qarabağın Milli Məclisi, hökuməti var?! Hamısının kökünü kəsəcəm”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
