Məhbus icazə ilə cəzaçəkmə müəssisəsindən çıxdı, geri qayıtmayıb tanışını öldürdübackend

Məhbus icazə ilə cəzaçəkmə müəssisəsindən çıxdı, geri qayıtmayıb tanışını öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən boyun qaçırmada təqsirləndirilən Rauf Sadıqovun cinayət işinin bəzi detalları məlum olub.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs əvvəllər də ağır cinayətə törətdiyi üçün məhkum olunub.

İttihama görə, o, 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (xuliqanlıq niyyətilə, qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi müddətdə cəzasının qalan hissəsini çəkməsi üçün cəzaçəkmə müəssisəsi dəyişdirilib.

İş materiallarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2025-ci il tarixli qərarı ilə məhkumun cəzaçəkmə müəssisəsinin növü dəyişdirilib və Rauf Sadıqov cəzasının çəkilməmiş 9 ay 9 gününü çəkmək üçün Şabran rayonunun Sarvan kəndində yerləşən cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun müəssisənin rəhbərinin qərarı əsasında cəzaçəkmə müəssisəsindən kənarda nəzarətsiz hərəkət etməsinə də icazə verilib.

Belə ki, Rauf Sadıqov Bakı şəhərində yerləşən “Qlobus Dəftərxana” adlı obyektdə satış inzibatçısı vəzifəsində işlədiyinə görə həftənin müəyyən günlərində müəssisədən çıxmasına və işdən sonra geri qayıtmasına icazə verilib. Qrafikə əsasən, məhkumun həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri üçün cəzaçəkmə müəssisəsindən çıxma vaxtı saat 08:00, cəzaçəkmə müəssisəsinə qayıtma vaxtı isə saat 19:00 olaraq müəyyən edilib. Lakin 2025-ci ildə cümə axşamı günlərindən birində saat 19:00-da icazə müddəti başa çatmasına baxmayaraq, Rauf Sadıqov cəzaçəkmə müəssisəsinə qayıtmayıb.

O, bunu sərnişin daşıma haqqını ödəmək üçün kifayət qədər pulunun olmaması ilə əsaslandırıb.

Beləliklə, ittihama əsasən, Rauf Sadıqov azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsindən boyun qaçırıb.

İş üzrə ittihamın digər epizodu isə daha ağır nəticə ilə başa çatıb.

Belə ki, 2025-ci il dekabrın 26-da saat 00:00 radələrində təqsirləndirilən şəxs tanışı tərəfindən “WhatsApp” vasitəsilə görüşə dəvət edilib. O, tanışı və zərərçəkmiş Ramin Qarayevlə birlikdə taksi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığına gedib.

İttihamda qeyd olunur ki, Rauf Sadıqov, zərərçəkmiş və digər şəxs metrostansiyanın yaxınlığında olduqları müddətdə heroin əldə etdikdən sonra üç nəfər eyni taksi ilə geri qayıdıblar.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avtomobilin arxa hissəsi qaranlıq olub. Taksi haqqını ödəmək üçün pulunu sayarkən işıq lazım olduğundan o, mobil telefonunu Ramin Qarayevə verib. Zərərçəkmiş şəxs telefonu geri qaytarmayıb. Rauf isə həmin vaxt telefonunun onda qaldığına diqqət etməyib.

Təyinat yerinə çatdıqdan və avtomobildən düşdükdən bir müddət sonra telefonunun zərərçəkmiş şəxsdə qaldığını xatırlayan təqsirləndirilən şəxs onu geri tələb edib.

Telefonun qaytarılmaması tərəflər arasında mübahisəyə səbəb olub.

Yaranmış mübahisə zamanı Rauf qisas almaq məqsədilə yaşadığı evdən mətbəx bıçağı götürüb. Təqsirləndirilən şəxs həmin bıçaqla Raminin döş qəfəsi nahiyəsinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsin döş qəfəsinə daxilə nüfuz edən, ağciyərin zədələnməsi və daxili qanaxma ilə nəticələnən deşilmiş-kəsilmiş yarası əmələ gəlib. Bu xəsarətlər həyat üçün təhlükəli olub və Raminin ölümünə səbəb olub.

Məhkəmə iclasında Rauf Sadıqov ona qarşı CM-in 120.1-ci və 305-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə günü tanışı ona zəng edərək metronun “Neftçilər” stansiyasının yaxınlığına getməyi təklif edib. Görüşün məqsədindən xəbərsiz olub və tanışının Raminlə birlikdə gəldiyini sonradan görüb.

Təqsirləndirilən şəxs bildirib ki, üç nəfər taksi ilə metrostansiyanın yaxınlığına gedib, digər iki şəxs avtomobildən düşərək təxminən 10 dəqiqə sonra geri qayıdıb. O, onların həmin ünvanda kiminlə görüşdüyünü və nə etdiyini bilmədiyini deyib.

Geri qayıdarkən avtomobilin arxa hissəsində zərərçəkmiş şəxslə birlikdə əyləşdiyini, digər şəxsin isə ön oturacaqda olduğunu söyləyib.

Raufun sözlərinə görə, taksi haqqını ödəmək üçün pul sayarkən avtomobilin arxası qaranlıq olduğundan telefonunun işığını yandırıb və zərərçəkmiş şəxsə verib.

Təqsirləndirilən şəxs ifadəsində telefonunu geri tələb etdiyini, lakin Raminin müxtəlif bəhanələr gətirərək onu qaytarmadığını bildirib. Telefonun qaytarılmaması Raufu qəzəbləndirib.

Raufun ifadəsinə əsasən, telefonun qaytarılmaması ilə bağlı mübahisə davam edərkən o, üzərində olan mətbəx bıçağını çıxarıb və zərərçəkmiş şəxsin sinə nahiyəsinə iki dəfə zərbə vurub. O, həmçinin bıçaq əlində olduğu halda Raminin üz nahiyəsinə zərbə endirdiyini və nəticədə onun üzünün kəsildiyini bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra zərərçəkmiş şəxs özündə olmayıb.

Rauf tanışından təcili tibbi yardım çağırmasını istəyərək hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində saxlanılıb.

Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını bildirib və əməlindən peşman olduğunu deyib.

Məhkəmədə Rauf əvvəlki məhkumluğu barədə də ifadə verib. O qeyd edib ki, 2020-ci ildə CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin cəzanın təxminən 5 il 4 ayını cəzaçəkmə müəssisəsində çəkib, qalan müddəti çəkmək üçün isə Şabran rayonunda yerləşən digər cəzaçəkmə müəssisəsinə köçürülüb.

Təqsirləndirilən şəxs bildirib ki, müəssisədə rejim qaydalarına əməl etdiyinə və işə düzəlməsi ilə bağlı əmək müqaviləsi təqdim etdiyinə görə müəyyən günlərdə müəssisədən kənarda işləməsinə icazə verilib.

O, hadisə baş verən zaman həmin müəssisədə cəza çəkdiyini və cəzasının başa çatmasına təxminən üç ay qaldığını söyləyib.

İfadəsinə görə, hadisədən əvvəl müəssisəyə telefonla zəng edərək yol pulu olmadığı üçün həmin axşam geri qayıtmayacağını bildirib.

Rauf sonda törətdiyi əməldən peşman olduğunu qeyd edib.

Məhkəmənin hökmü ilə Rauf Sadıqov 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*