“Təhsil sistemində diqqətdən kənarda qalan pillələrdən biri peşə təhsilidir. Və burdakı maxinasiyaların həddi-hüdudu yoxdur”.
KONKRET.az xəbər verir ki, bununla bağlı millət vəkili Etinar Əliyev açıqlama ilə çıxış edib.
O təklif edib ki, Peşə Təhsili Dövlət Agentliyinin maliyyə-təsərrüfat fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanılması ictimai-sosial-siyasi zərurətdir.
Deputat təkliflərini belə qruplaşdırıb:
– Dövlətin bu sahənin saxlanılması və inkişafına ayırdığı on milyonlarla manat vəsaitin sərfiyyat istiqamətləri dəqiqləşdirilsin
– Mal-materialın faktiki mövcudluğu ilə bağlı inventarizasiya aparılsın
– Torpaq sahələri və əmlakın sənədlərə uyğun varlığı yoxlanılsın
– Yanacaq və sürtgü yağlarının, təmir və təcrübə materiallarının müəssisələrə faktiki verilmə vəziyyəti araşdırılsın
– Peşə təhsili müəssisələri şagirdlərinə dövlət tərəfindən ayrılan təqaüdlərin verilməsində şəffaflıq müəyyənləşdirilsin
– Peşə təhsili müəssisələrində istehsal olunan məhsulların satışından əldə olunmuş vəsaitlərin sonrakı taleyi müəyyənləşdirilsin
– Əkilən torpaqların istifadəsinim qanunvericiliyə uyğunluğuna aydınlıq gətirilsin
Bununla belə:
– kadrların təyinat meyarları üzrə ixtisas uyğunluğu yoxlanılmalıdır.
– bir şəxsin bir neçə müəssisəyə rəhbərlik etməsinin qaranlıq məqsədlərinə aydınlıq gətirilsin.
– Son aylarda həbs olunmuş peşə təhsili müəssisələrinin rəhbərləri ilə ortaq məsuliyyət daşıyan, lakin məsuliyyətdən kənarda qalan şəxslərin dairəsi müəyyənləşdirilsin”.
Natiq Səlim,
KONKRET.az