“Bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37.1 faiz çoxdur”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar bayramov səsləndirib. O bildirib ki, qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də neftdən kənar sektordan məhsul alan ilk beşliyə daxil olublar. Qeyri-neft ixracatımızın 1/3-i Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşür. Mövsüm ilə bağlı olaraq Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi artıb. Növbəti aylarda Türkiyə daxil olmaqla, qeyri-MDB ölkələrinə daha çox məhsul ixrac olunacağı gözlənilir. Digər tərəfdən, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var. Qeyd edək ki, bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiy arasında 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir”.

Vüqar Bayramov əlavə edib ki, artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir: “Belə ki, bu iliin ilk 7 ayında qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlar isə 42% artıb. Son 5 ilin statistikası göstərir ki, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olunmaqla hər il əvvəlki ilə nisbətən qeyri-neft ixracatında artım qeydə alınıb. 2016-cı ildə 1 milyard 237 milyon dollar olan qeyri-neft ixracatı 2017-ci ildə 1 milyard 538 milyon dollar, 2018-ci ildə 1 milyard 689 milyon, 2019-cu ildə 1 milyard 954 milyon dollar, 2020-ci ildə isə 1 milyard 900 milyon dollar olub”.
İqtisadçının sözlərinə görə, bütövlükdə son statistika göstərir ki, lock-down tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir: “Bu baxımdan, pandemiyanın davam edən aylarında da, real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur. Bu ilin ilk 8 ayında artım tempini nəzərə alsaq 2021-ci ildə qeyri-neft ixracının ilk dəfə 2 milyard dollardan çox olacağı gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
