Milli mənlik şüurunu gənclərə aşılamaq üçün hökumətin proqramı olmalıdır” – ÖZƏLbackend

Milli mənlik şüurunu gənclərə aşılamaq üçün hökumətin proqramı olmalıdır" - ÖZƏL

Maddiyyatın mənəviyyatı ötüb keçdiyi bir dövrdə yaşasaq da, Azərbaycan gənclərinin heç də hamısı pul qazanmaq naminə dəyərlərimizin üstündən xətt çəkmir. Aydındır ki, sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Ona görə də, nöqsanlı cəmiyyətlər gənclərin əxlaqının, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Çünki hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması isə hər bir valideynin arzusudur. Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevdiyindən, bu tezislər gənc nəslin milli mənlik şüurunun formalaşmasında mühüm rol oynayıb. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimiz xüsusi rol oynayıb. Milli Azadlıq Hərkatında yüzlərlə gənc Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxarılmasına çalışıb və bunun üçün meydanlara axışıb.  Bu gün də gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün cəhdlər edilir. Bu dövrdə çoxlu sayda milli mənlik şüurunun və yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan gənclər yetişib. Amma təəssüflər olsun ki, qloballaşan dünyanın mənfi tendensiyaları Azərbaycan gənclərinin şüuruna da təsirsiz ötüşməyib. Belə ki, modern dünyagörüşü adı altında gənclərin milli-mənəvi dəyərlərindən, vətənpərvərlik hisslərindən uzaqlaşdırılması prosesi sürətlə həyata keçirilir. Bütün bunlar isə ailə institutlarının məhv olması ilə nəticələnə və gələcəyimizi təhlükə altına ata bilər. Odur ki, gec olmadan bu kimi məsələlərdə daha da diqqətli davranmalı, gənclərin milli şurdan, mənəvi dəyərlərdən uzaqlaşmaması üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçünsə Kütləvi İnformasiya Vasitələrində (KİV), orta və ali məktəblərdə güclü təbliğat işləri aparılmalı, xüsusi dövlət proqramları hazırlanmalıdır. Əks halda getdikcə gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin azalan xətt üzrə inkişaf etdiyini görə bilərik.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, milli mənlik şüurunu gənclərə aşılamaqdan ötrü hökumətin proqramı olmalıdır: “Elm və Təhsil Nazirliyinin nəzdində xüsusi bir ictimai şura yaradılmalıdır. Ölkənin filosofları, politoloqları, sosioloqları, pedaqoqları burada cəmləşməlidir və müasir bazar iqtisadiyyatı şəraitində gənclərin hansı istiqamətə yönəldilməsi məsələsinə diqqət yetirilməlidir. Bu gün sosial şəbəkələr gənclərə çox pis təsir göstərir. Bu məsələ hansısa yollarla tənzimlənməlidir. Xüsusi filtirlər olmalıdır ki gənclərin tərbiyəsini pozan kontentlərin yayılmasının qarşısını almaq olsun. Yaxud da təbliğatı gücləndirmək və telekanallardakı biabırçılığı aradan qaldırmaq zəruridir. Yəni telekanallarda əxlaqı pozan, tərbiyəsizliyi təbliğ edən, insanların psixologiyasına mənfi təsir göstərən verilişlər bağlanmalıdır. Düşünürəm ki, bu cür “təbliğat” ya İranın, ya da Rusiyanın agentura şəbəkəsinin əməlləridir. Yəni Azərbaycan telekanallarında hazırda tərbiyəsiz “5-ci kolon” formalaşdırılır. Bilirsiniz ki, Avropada ailə institutlarını dağıtmaqdan ötrü belə üsullardan istifadə edirlər. Ən güclü ailə institutu olan ölkələrdən biri də Azərbaycandır. Təəssüf ki, bizdə də bu məsələyə dırnaqarası yanaşırlar”.

Cümşüd Nuriyev - Teleqraf.com

Politoloqun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi gənclərin milli vətənpərvərlik hisslərinin güclü olduğunu sübuta yetirdi: “Amma qeyd etmək lazımdır ki, ildən-ilə gənclərin intellektual səviyyəsi aşağı düşür. Repetitorlar yanına getmək orta məktəb şagirdlərinə və təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Əgər biz orta məktəblərdə vətənpərvərlik hisslərinin aşılanmasını istəyiriksə, o zaman gənclərimizi düzgün yetişdirməliyik. Hazırda bizdə güclü vətənpərvərlik hissləri yaşlı və orta nəsildə mövcuddur. Gənc nəsildəki vətənpərvərlik hissi isə keçici xarakter daşıyır. Özüm gənclər arasında sosial tədqiqatlar aparıram və onlara suallar verirəm. Rus, ingilis və Azərbaycan bölməsində oxuyan uşaqlar arasında çox böyük fərqlər mövcuddur. Bunu etiraf etməık lazımdır. Bir sözlə, bu gün gənclərlə iş lazımı səviyyədə deyil”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusuna uyğun olaraq dərc edilir.

  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*