Mingəçevir sakinləri qəzalı evlərdən niyə köçürülmür? – RƏSMİ AÇIQLAMAbackend

Mingəçevir sakinləri qəzalı evlərdən niyə köçürülmür? - RƏSMİ AÇIQLAMA

Evləri qəzalı vəziyyətdə olan sakinlər üçün tikilmiş binanın inşaası başa çatsa da, insanların yeni mənzillərə köçürülməsi yubanır.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, söhbət Mingəçevir şəhər Təbriz küçəsi 2/17 saylı binadan gedir.

Sakinlərin iddiasına görə, dəfələrlə şəhər icra hakimiyyətinə müraciət etmələrinə rəğmən, “səbirli olun, hər şey yaxşı olacaq” kəlməsindən başqa bir cavab ala bilmirlər.

Qeyd edək ki, bir müddət öncə sözügedən ünvanda yaşayan sakinlərin məsələ ilə bağlı rəsmi qurumlara ünvanladıqları müraciətlər sonda öz həllini tapıb. Belə ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında şəhərin Gəncə şossesindən çıxış istiqamətində qəzalı vəziyyətdə yaşayan sakinlərin köçürülməsi üçün 5 mərtəbəli yeni bina inşa olunub. Lakin tikinti işləri yekunlaşsa da, sakinlərin mənzil bölgüsü və köçürülməsi aparılmır.

Məsələyə münasibət bildirən Mingəçevir şəhər icra hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Xanlar Qurbanov 40 mənzilli 5 mərtəbəli binada tikinti işlərinin tam yekunlaşdığını təsdiqləyib: “Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa olunmuş bina hökumət komissiyasına təhvil verilməlidir. Hələ ki, bu proses başa çatmayıb. Yəni qərarın verilməsi bizdən deyil, yuxarı instansiyalardan asılıdır. Şəhər rəhbərliyi Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayaraq, prosesin sürətləndirilməsini xahiş edib. Hökumət Komissiyası binanı təhvil alıb mənzil bölgüsünü bizə həvalə etdikdən sonra hər hansı addım atmaq səlahiyyətimiz yarana bilər. Hələ ki, bizdən asılı olan bir məsələ yoxdur”.

X.Qurbanov sonda onu da əlavə edib ki, qarşı tərəfdən verilən məlumata görə, sentyabr ayı ərzində binanın təhvil-təslim prosesi başa çatmalıdır.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*