Muqa ipəyi (Muga silk) dünyanın ən nadir, bahalı və dəbdəbəli təbii ipək növlərindən biridir. Özünəməxsus xüsusiyyətlərinə və təbii qızılı rənginə görə onu tez-tez “kral ipəyi” və ya “qızıl ipək” adlandırırlar.
Bu unikal parçanı digər ipək növlərindən fərqləndirən bir neçə mühüm xüsusiyyət var.
Təbii qızılı rəng
Ənənəvi tut ipəyindən fərqli olaraq, adətən ağ və ya krem rəngində olan Muqa ipəyi təbii qızılı-kəhrəba çalarlarına malikdir. Onun rəngi süni boyama nəticəsində deyil, təbiətin özündən qaynaqlanır. İstehsal zamanı saplar nə boyanır, nə də ağardılır. Maraqlıdır ki, assam dilində “Muqa” sözü də kəhrəba rəngini ifadə edir.
İnanılmaz möhkəmlik və uzunömürlülük
Muqa ipəyi ən möhkəm təbii liflərdən biri hesab olunur. Hindistanda bu parçanın bəzən sahibindən daha uzun ömür sürdüyünü deyirlər. Məhz buna görə də Muqa ipəyindən hazırlanan geyimlər nəsildən-nəslə ötürülür və ailə yadigarı kimi qorunub saxlanılır.
Daxildən gələn parıltı
Bu ipəyin ən heyrətamiz xüsusiyyətlərindən biri onun zaman keçdikcə daha da gözəlləşməsidir. Adi parçalardan fərqli olaraq, Muqa ipəyinin parıltısı hər yuyulmadan sonra solmur, əksinə, daha da güclənir və qızılı çalarları daha aydın görünür.
Bundan başqa, Muqa ipəyi ultrabənövşəyi şüaları udmaq qabiliyyətinə malikdir. Bəzi məlumatlara görə, bu material UV şüalarının 85 faizədək hissəsini özündə saxlaya bilir.
Harada və necə istehsal olunur?
Muqa ipəyinin istehsalı coğrafi baxımdan olduqca məhduddur.
– İstehsalın əsas mərkəzi: Dünyada istehsal olunan Muqa ipəyinin 99 faizdən çoxu Hindistanın Assam ştatında, Brahmaputra çayı vadisində hazırlanır. Bu ipəkqurdu növü xüsusi iqlim şəraitinə ehtiyac duyduğundan başqa ərazilərdə yetişdirilməsi olduqca çətindir.
– Təbii mənşəyi: İpək sapları Antheraea assamensis adlı ipəkqurdunun baramalarından əldə edilir. Bu tırtıllar açıq havada, təbii şəraitdə yaşayır və əsasən Assam bölgəsində bitən Som və Soalu ağaclarının yarpaqları ilə qidalanırlar. Onların qidalanma xüsusiyyətləri ipəyin özünəməxsus qızılı rənginin formalaşmasına təsir göstərir.
– Əl əməyi tələb edən istehsal: Muqa ipəyinin hazırlanması əsasən əl əməyinə əsaslanır. Cəmi 1 kiloqram ipək sapı əldə etmək üçün təxminən 5 min barama tələb olunur. Bu miqdarda məhsulun hazırlanması isə ustalardan bir həftəyədək vaxt ala bilir.
Muqa ipəyinin qiyməti nə qədərdir?
İstehsal həcminin məhdudluğu və hazırlanma prosesinin mürəkkəbliyi bu ipəyi adi ipək növləri ilə müqayisədə dəfələrlə bahalı edir. Dünyada hər il cəmi bir neçə ton Muqa ipəyi istehsal olunur.
Xüsusilə əl işi olan, təmiz Muqa ipəyindən hazırlanmış ənənəvi hind sarilərinin qiyməti bir neçə yüz dollardan başlayaraq minlərlə dollara qədər yüksələ bilir.
Tarixən bu nadir parçadan hazırlanan geyimlərə sahib olmaq və onları geyinmək imtiyazı əsasən racalara və kral ailələrinin üzvlərinə məxsus olub.
Muqa ipəyi bu gün də öz nadirliyi, təbii qızılı rəngi və qeyri-adi davamlılığı ilə dünyanın ən qiymətli tekstil materiallarından biri hesab olunur. O, sadəcə geyim parçası deyil, əsrlərin sənətkarlıq ənənəsini, təbiətin möcüzəsini və Hindistanın zəngin mədəni irsini özündə birləşdirən nadir sərvətdir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
