Minsk Qrupu “dondurmaları”nın ALIŞI dayanıb – Avropa İttifaqından ETİRAF…backend

Minsk Qrupu "dondurmaları"nın ALIŞI dayanıb - Avropa İttifaqından ETİRAF...

“Azərbaycan Minsk qrupunun işini müvafiq hesab etmədiyini açıqlayıb”.

KONKRET.az xəbər verir ki, bunu Avropa İttifaqı bəyan edib.

Ümumiyyətlə, Praqa sammitində müxtəlif məsələlərə aydınlıq gəlib. Yuxarıdakı həqiqəti küskün formada bəyan etməyin isə adı yoxdur. Onsuz da hazırkı siyasi proseslər ATƏT-in Minsk Qrupunun mövcudluğunu real göstərmir. Çünki indi vasitəçilər arasında soyuq müharibə gedir. Belə ki, ABŞ Avropada Fransanın dominantlıq istəklərini müxtəlif gedişlərlə məhdudlaşdırmaq istəyir. İlk növbədə Ukraynada Rusiyaya qarşı savaşda Qərbi ən çox dəstəkləyən üçüncü dövlət Fransadır. Bundan başqa Paris Yunanıstan-Türkiyə məsələsində Afinanın yanındadır. Bu iki reallıq isə iki güclü dövlət olan Rusiya və Türkiyə ilə fransızların soyuqlaşan münasibəti deməkdir. Adıçəkilən ölkənin siyasi və iqtisadi cəhətdən nüfuz dairəsi çərçivələnir.

Gorbagor Qrupun digər iki üzvü olan ABŞ və Rusiya da hazırda it-pişik kimidir. Yəni, öz aralarında olan problemləri həll etmək iqtidarında olmayan bu 3 dövlət Ermənistanla Azərbaycan arasında nə kimi vasitəçilik edə bilərlər? Heç nə! Həm də Azərbaycan Prezidenti ATƏT sədri, mərhum və səlahiyyətlərindən məhrum Minsk Qrupunun Fransa və amerikalı həmsədrləri ilə də görüşlərdə mövqeyini aydın formada ifadə edib:

“Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”.

Qısası, tarixin arxivinə gömdüyümüz qrupun qruplaşmamış ermənipərəst fəaliyyətində Azərbaycanın xeyrinə nəsə görünmür. Həm də Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı danışıqlar Avropanın əsas təsisatı olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılır. Sübut kimi, Cenevrə, Brüssel və Praqa görüşlərini göstərmək olar. Yəni, ATƏT nəyimizə lazımdır? Bəli, onlarda İrəvana sərf edən “münaqişəni dondurmaq” təcrübəsi var. Minsk Qrupunun siyasi dondurmaları isə artıq yeyilmir. Həmçinin, iki ildir ki, konflikt yoxdur. Dağlıq Qarabağ münaqişəsi kimi heç həmin ərazi vahidi də mövcud deyil.

Hələlik mövcud olan bəzi anlaşılmazlıqlardır. Bu məsələlər də razılaşdırılandan sonra sülh müqaviləsi imzalanacaq. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun sözləri ilə desək, Bakı və İrəvan sülh sazişinin fundamental bəndləri ilə bağlı razılıq əldə ediblər. Sadəcə, bunu reallaşdırmaq qalıb.

Bir sözlə, ATƏT-in Minsk Qrupunun regionda heç bir işi qalmayıb.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*