“Qafqazdakı əsas problemin kökünə baxsaq, burada millətçilik amili böyük rol oynamır, sadəcə olaraq mediada insanların fikrini yayındırmaq üçün bu, bir oyundur. Qafqazda əsas problemin kökü bu regiondan keçəcək tranzit dəhlizidir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni mediasına verdiyi müsahibədə iranlı politoloq Xayal Müəzzin bildirib.
O vurğulayıb ki, Qafqazdakı bəzi güclər bu dəhlizi idarə etmək istəyirlər: “Lakin İran sionist dövlətlərin bu dəhlizi idarə etməsinə icazə verməyəcək. Çünki İran bu dəhlizi əldən versə, çox şey itirəcək. Rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasının əleyhinə deyil. Amma İranın şərti budur ki, bu dəhlizin idarə olunması onun əlində olmalıdır.
Hazırda Ermənistan hökumətinin son günlər apardığı siyasət qonşu dövlətlərin, xüsusən də İran və Rusiyanın xoşuna gəlmir. Çünki Ermənistan Qafqaza xarici gücləri dəvət edib vəziyyəti daha da gərginləşdirir, çünki Amerika hansı ölkədə girsə, orada qan tökülür. Məlumdur ki, Birləşmiş Ştatlar girdiyi bölgəni asanlıqla tərk etmir.
Paşinyan bu yanlış siyasətdən əl çəkməsə, bunun sonu yaxşı olmayacaq, çünki Amerika ancaq öz xeyrini güdür. Paşinyanın hakimiyyətini qorumaq Amerika üçün əsas məsələlərdən biri deyil”.
Siyasi şərhçi deyib ki, regionda hər hansı müharibə İranın təhlükəsizliyini şübhə altına alarsa, sərhədlər dəyişərsə, Tehran Ermənistan hakimiyyətinin belə bir dəvətini gözləmədən məsələyə müdaxilə edəcək”.
Natiq Səlim,
KONKRET.az