44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın edilməsi ilə başa çatdı. Məlumdur ki, bu müddət ərzində Azərbaycan Ordusunun silah-sursatla bağlı itkisi olmadı. Düşmənin isə canlı qüvvəsi ilə yanaşı çoxlu sayda hərbi texnikası ələ keçirildi. Lakin bütün bunlara baxmayaraq, təbii olaraq müharibədən sonra hər bir ordunun yeni texnikalarla təchiz olunması şərtdir.
Maraqlıdır, Azərbaycan hazırda ən çox hansı silahlara üstünlük verməlidir?
KONKRET.az xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli Yenisabah.az-a açıqlamasında qeyd edib ki, son 15 ildə Azərbaycan Silahlı Qüvvələri tam müasir texnikalarlarla təchiz olunub:
“Bu müddət ərzində əsas üstünlük rəqəmsal texnologiyalara bağlı olub. Həmçinin mövcud olan ağır texnikalar müasir standartlara cavab verən hala gətirilib. Hazırda Azərbaycan Ordusunun qarşısında duran əsas məsələlərdən biri quru qoşunlar sahəsində atıcı briqadaların daha peşəkar səviyyəyə gətirib çatdırılmasıdır. Hesab edirəm ki, Aərbaycan Ordusu həmçinin daha müasir pilotsuz uçuş aparatlarının satın alınmasına və onun Azərbaycanda istehsalına nail olmalıdır. Nəzərə almalıyıq ki, artıq Ermənistan da, digər dövlətlər də pilotsuz uçuş aparatlarının inkişafına çalışacaqlar. Bu baxımdan hava hücumundan müdafiə sistemlərinin müasirləşdirilməsinə ehtiyac var”.
Ekspert anti-dron sistemlərinin formalaşdırılmasına daha çox ehtiyac duyulacağını vurğulayıb:
“Hərbi Hava Qüvvələrini gücləndirmək qarşıda duran əsas məsələlərdən olacaq. Düzü, ayrı-ayrılıqda silah və texnikaları saymaq istəmirəm. Çünki bu, individual məsələdir. Amma bildirim ki, Azərbaycanın bu sahədə əməkdaşlıq etdiyi dövlətlər İsrail, Koreya, Pakistan və Türkiyə kimi müasir hərbi sənayeyə malik olan ölkələrdir. Yəqin ki, bu istiqamətdə də proses davam edəcək və Azərbaycanda müdafi sənayesinin müasirləşdirilməsi üçün ciddi addımlar atılacaq”.
