“Müharibəyə dözdük, fəsadlarına tabımız qalmayıb”  – Şəhid adıyla manipulyasiya edənlərə SÖZARDIbackend

"Müharibəyə dözdük, fəsadlarına tabımız qalmayıb" - Şəhid adıyla manipulyasiya edənlərə SÖZARDI

Bilmirəm, hardan başlayıb harda qurtarım ki, Allaha da xoş getsin, bəndəyə də… Bu məsələni necə yazım çatdırım ki, şəhid ruhunu incitməyim… Şəhid adıyla manipulyasiya edənlərdəndir yenə söhbət.

Deməli, yaşadığımız binanın böyründə Şəhid bulağı deyilən bir yer var. Bulaq deyəndə ki, küçələrdə, yollarda qabağımıza çıxan, hamının ağzına bir ovuc su apara biləcəyi bulaqlardan deyil əslində. İki çoxmərtəbəli binanın tinində həyət evinə oxşar iç-içə bir neçə tikilidir, qabağı hasarlanmış (qanunsuz), hasarına da şəhid şəkli yapışdırılmış sahədir. Ki, orada da şəhidi xatırladacaq bircə nişanə belə yoxdur. Əvəzində gecələr hasar boyu rəngli işıqlar bərq vurur. Və elə o işıqların fonunda şəhidin orta yaşlı bacısının başına topladığı dost-tanışının hay-küyündən sakinlərin gözünə yuxu getmir. Səhərə qədər yeyib-içmək, deyib-gülmək, əylənmək… Qısası, qadın özünə əməllicə “istirahət guşəsi” yaradıb və “şəhid ailəsiyəm, heç kəs yanımdan yel olub ötə bilməz” deyib, camaatın gününü büküb göy əsgiyə. İrad bildirəni də allı-güllü söyüşlərlə ağ yuyub-qara sərir.

Dünəndən də səsini atıb başına ki, bəs yaşadığı tikilinin qabağındakı (xeyli aralıda olan və bina tikiləndən bəri ora yerləşdirilən, onlarla ailəyə xidmət göstərən) zibil yeşikləri ərazidən götürülsün. Qadın o qədər həddini aşıb ki, polis, icra, təmizlik departamenti tanımır, hamını söyüb-sıvıyır, ağzına gələni deyir. Tez-tez də “şəhid”, “şəhid” qışqırıb hamının üzünə dirənir.

Özünü elə yerə qoyub ki, sakinlərin matı-qutu quruyub, bir adam da sözünün üstünə söz deyə bilmir. Hərəkətlərindən dəhşətə gəlirsən, xəcalət çəkirsən, amma gedib başa salmağa da ehtiyat edirsən. Gözüylə görməsə heç kəs inanmaz qadının şəhid qardaşının adını, ruhunu necə alçaltdığına…

Nə isə ki, çəkiləsi dərd deyil… Müharibəyə dözdük birtəhər, şükür! Fəsadlarına tabımız qalmayıb, Allah haqqı!!!

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*