Natiq Cəfərli niyə ÜDM-i hesablaya bilmir?backend

Natiq Cəfərli niyə ÜDM-i hesablaya bilmir?

REAL partiyasının katibi, iqtisadçı Natiq Cəfərli Azərbaycanın sosial-iqtisadi inkişaf göstəricilərini şübhə altına alan ittihahemidici açıqlama ilə çıxış edib. O, öz fb səhifəsində iddia edir ki, 2022-ci ilin ötən 4 ayı ərzində iqtisadi inkişaf göstəricilərinə görə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında geridə qalıb, region ölkələri ilə müqayisədə orta aylıq əmək haqqının səviyyəsinə görə, Azərbaycan ən aşağı yerdə qərarlaşırSitat:2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM (ümum daxili məhsul) 7,2% artıb – ilk baxışdan çox yaxşı göstəricidir. Səbəblərini araşdıranda görürsən ki, yenə əlahəzrət neft-qaza görə belə bir artım baş verib. Neftin, qazın qiyməti dünyada kəskin bahalaşıb deyə, ölkəmizin makroiqtisadi göstəriciləri də yaxşılaşıb”.

Faktyoxla Lab. N. Cəfərlinin iddiasını araşdırıb. Həqiqətənmi Azərbaycan iqtisadiyyatında artımın əsas mənbəyi neft-qaz sektorudur?

İqtisadi inkişafın mənzərəsini təsvir edən faktlara, statistikaya diqqət etsək görərik ki, 2022-ci ilin yanvar-aprel aylarında ölkəmizdə 39 milyard 554,8 milyon manat həcmində (2021-ci ilin ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox) ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artıb. Yəni, ÜDM-in artımında qeyri-neft sektorunun artım dinamikası neft sektorunu 55 dəfədən çox üstələyib.
ÜDM-in tərkibində sənayenin payı 54,8 faiz təşkil edib, yəni 39,5 milyard əlavə dəyərin 22 milyardı birbaşa sənaye sektorunun payına düşür, onun da böyük hissəsi qeyri-neft sənaye məhsullarıdır. ÜDM-də ticarət, kənd təsərrüfatı, rabitə və nəqliyyat, turizm və digər sahələrin payı da artıb. Yalnız, neft və qaz sektorunun payı azalıb. (Mənbə)Hazırda ÜDM-də neft sektorunun payı təxminən 30-33 faizə, qeyri-neftin payı isə 67-70 faizə bərabərdir. 2022-ci ilin sonunda qeyri-neftin payının tamamilə 70 faiz təşkil edəcəyi proqnozlaşdırılır

İqtisadi statistika onu təsdiqləyir ki, 2022-ci ilin 4 ayında istehsal edilmiş 39, 5 milyard manat həcmində ÜDM-in 67-68 faizini qeyri-neft sektoru malları təşkil edib. Bu isə manatla ifadədə 27,5 milyard manat məhsul deməkdir. Daha da sadələşdirək, yəni 39,5 milyard həcmində ÜDM-in tərkibində qeyri-neft məhsulları 27,5 milyard manata, neft məhsulları isə cəmi 12 milyard manata bərabərdir.
Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi inkişafın əsas lokomotivi qeyri-neft sektoru olub və 7,2 faiz iqtisadi artımın yaratdığı əlavə dəyərin 70 faizə yaxını birbaşa bu sahədə istehsal olunub.
Göründüyü kimi, N.Cəfərlinin 2022-ci ilin ötən 4 ayında Azərbaycan iqtisadiyyatının inkişafının neft-qaza söykənməsi barədə iddiası həqiqəti əks etdirmir.

Natiq Cəfərlinin digər iddiası orta aylıq əməkhaqqının artım tempinə və inflyasiya göstəricisinə görə, Azərbaycanın qonşu dövlətlərdən daha pis vəziyyətdə olması ilə bağlıdır. Sitat: “Bu ilin əvvəlinə olan rəsmi məlumatlara görə orta aylıq maaş Azərbaycanda 475 dollar, Gürcüstanda 488 dollar, Ermənistanda isə 521 dollar təşkil edib. Bu ilin mart ayının sonuna rəsmi inflyasiya isə Azərbaycanda 12,2%, Gürcüstanda 11,8%, Ermənistanda isə 7,4% olub – bizdə həm orta aylıq maaş azdır, həm də inflyasiya yüksəkdir”.
N. Cəfərlinin bu fikirlərinə də aydınlıq gətirək.

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809 manat təşkil edib. Bu, ABŞ dolları ekvivalenti ilə 475,8 dollar deməkdir
Ermənistanda isə mayın 1-ə olan rəqəmə əsasən, bu göstərici N.Cəfərlinin idia etdiyi kimi 521 dolar yox, 29,3 min rubl və yaxud 397 dollar təşkil edib. Həmçinin, Gürcüstanda 2022-ci ilin hazırkı dövr üzrə orta aylıq əməkhaqqı göstəricisi 488 dollar yox, 465 dollar olub.
Göründüyü kimi Azərbaycanda orta aylıq əməkhaqqının dollar ifadəsində məbləği Gürcüstan və Ermənistandan daha yüksəkdir.
Onu da nəzərə almaq lazımdır ki, dünya iqtisadi praktikasında orta aylıq əməkhaqqının nominal dəyəri onun alıcılıq paritetinə əsaslanır və hər bir ölkənin milli valyutasının sabit məzənnəsi də alıcılıq paritetini müəyyən edir. Həmin paritetə əsasən, Azərbaycanda bu rəqəm (Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən) 0,42 manatdır. Yəni, ABŞ-da 1 dollara alınan məhsulu Azərbaycanda 0.42 manata (0.25 ABŞ dolları) almaq mümkündür. (Mənbə) Bu nöqteyi-nəzərdən alıcılıq qabiliyyəti paritetinə əsasən “beynəlxalq dollar” göstəricisi ilə digər ölkələrin daxili bazarındakı mal və xidmətlərini müqayisə etdikdə aradakı fərqləri də görmək mümkündür. Azərbaycan manatının real effektiv məzənnəsi 2022-ci il yanvarın 1-ə olan dövrdə yüksələrək 113.6 bəndə çatıb. Yəni, manatın real effektiv məzənnəsi fonunda alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan region ölkələri arasında, eləcə də MDB-də ən yaxşı sosial göstəriciyə malikdir.
İnflyasiya göstəricisinə gəlincə, Cəfərlinin bu müqayisəsi də əsassızdır. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin aprel ayında Gürcüstanda inflyasiya 13% təşkil edib. Yəni, Azərbaycandan daha yüksək olub.  
Ermənistanda isə istehlak qiymətləri indeksi 2021-ci ilin aprel ayı ilə müqayisədə 8,4%, ay ərzində isə 2,3% artıb. Ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 14,3 faiz, ay ərzində isə 4 faiz bahalaşıb. Yəni, ərzaq inflyasiyası 14 faizi ötüb. (Mənbə) Azərbaycanda inflyasiya aprel ayında mart ayı ilə müqayisədə 1 faiz təşkil edib. 2022-ci ilin yanvar-aprel aylarında isə istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 12,4 faiz artıb.

Yeri gəlmişkən2022-ci ilin aprel ayında bütün dünya ölkələrində ərzaq qiymətləri indeksi yüksəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qlobal Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin aprel ayında orta hesabla 158,5 bənd təşkil edib. Son bir ayda dünya bazarlarında kərə yağının qiymətləri ən çox bahalaşıb. Ət və ət məhsullarının qiyməti apreldə əvvəlki ayla müqayisədə 2,2% artaraq yeni rekorda imza atıb. Süd və süd məhsullarının qiymətləri 0,9% artıb. Əsas istehlak mallarından düyü, ət, süd və şəkərin qiymətləri hələ də artmaqda davam edir. Ümumilikdə, ərzaq səbətinə daxil olan malların beynəlxalq qiymətləri 2021-ci ilin aprel ayı ilə müqayisədə 29,8% yüksəlib. (Mənbə)


Avropa İttifaqı regionunda əksər ölkələrdə istehlak qiyməti indeksi ikirəqəmli həddə çataraq 11-13 faiz təşkil edibdir. Aİ-nin əsas qida və ərzaq deposu hesab edilən Fransa, Almaniya, Danimarka, İspaniya, İtaliyada inflyasiya 8 faizi ötməsə də, ərzaq malllarının idxalında payı yüksək olan digər Aİ ölkələrindən Polşa, Latviya, Çexiya, Litva, Bolqarıstan, Rumıniya, Estoniyada inflyasiya 12-16 faiz təşkil edib. (Mənbə)

Nəticə: REAL partiyasının katibi, iqtisadçı Natiq Cəfərlinin

– 2022-ci ilin ötən 4 ayında Azərbaycan iqtisadiyyatının inkişafının neft-qaza söykənməsi barədə iddiası həqiqəti əks etdirmir;

– Orta aylıq əməkhaqqının artım tempinə və inflyasiya göstəricisinə görə, Azərbaycanın qonşu dövlətlərdən daha pis vəziyyətdə olması ilə bağlı fikri tamamilə yanlışdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*