İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana münasibətdə gözlənilən addımları atmaması müzakirə mövzusuna çevrilib. Xüsusilə, onun Azərbaycana zəng etməməsi və hadisələrlə bağlı açıq mövqe bildirməməsi suallar doğurur. Bəs Pezeşkianın türk kökənli olması fonunda bu addımı atmaması nə ilə izah olunur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu sualın müzakirəyə çıxarılması gözlənilən idi. Onun sözlərinə görə, Məsud Pezeşkian hakimiyyətə gələndə Azərbaycanda ona dair gözləntilər kifayət qədər yüksək idi.

Ekspert qeyd edib ki, Pezeşkianın tez-tez Azərbaycana yönəlik açıqlamalar verməsi, eləcə də şair
“Məhəmmədhüseyn Şəhriyar”ın şeirlərini səsləndirməsi Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə keçəcəyi ilə bağlı ümidləri artırmışdı.
“Biz daim vurğulayırdıq ki, İranda hakimiyyət sistemi fərqlidir. Ölkədə əsas söz sahibi ali dini liderdir və səlahiyyətləri çox genişdir. Bunun fonunda prezidentin də müəyyən rolu var, lakin son hadisələr göstərdi ki, qərarverici əsas fiqur yenə ali dini liderdir”, – deyə Cavanşir Abbaslı bildirib.
Siyasi şərhçinin sözlərinə görə, Pezeşkianın türk mənşəli olması ilə bağlı heç bir şübhə yoxdur. Lakin İranın siyasi sistemində prezidentin sərbəst qərar vermə imkanları məhduddur.
“Pezeşkianın belə bir addım atmaması müəyyən mənada gözlənilən idi. Əgər o, belə bir addım atsaydı, ölkə daxilində fərqli qarşılanması mümkündü. Buna baxmayaraq, hesab edirəm ki, gələcəkdə onun Azərbaycana yönəlik bu hadisə ilə bağlı müsbət fikirlər səsləndirəcəyini görəcəyik.
Hətta Azərbaycanın qarşısında üzr istəməsi də mümkündür. İstənilən halda həmyərliyi üçün Bakıya zəng etməli idi. Daxili strukturlar da bu zəngi əvəz edə biləcək səlahiyyətə malik deyil. Ümumiyyətlə, İranda prezident postuna təsadüfi şəxslər gətirilmir. Xüsusilə, azərbaycanlının bu posta gətirilməsinin qarşısı illərlə alınıb. Pezeşkianın hakimiyyətə gəlişi də müəyyən razılaşmalar nəticəsində mümkün olub”. – deyə ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
