Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və fəxri lideri Etibar Məmmədovun 70 illik yubiley tədbiri müzakirələrə səbəb olub. Aprelin 1-də keçirilən tədbirdə bir sıra partiya sədrləri, deputatlar, müxtəlif siyasi təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.
Maraqlıdır ki, Etibar Məmmədovun yubileyində vaxtilə onun yaxın dostu və silahdaşı olmuş, AMİP-in də qurulmasından fəal iştirak etmiş sabiq deputat Nazim İmanov gözə dəyməyib. Bu olay bir sıra suallar yaradıb.
KONKRET.az xəbər verir ki, modern.az-ın əməkdaşı Nazim İmanovun tədbirdə görünməməsinə aydınlıq gətirilməsi üçün AMİP-in hazırki sədri Arzuxan Əlizadə ilə əlaqə saxlayıb.
O bildirib ki, partiyanın fəxri lideri Etibar Məmmədovun yubileyində 300-ə yaxın qonaq iştirak edib:
“Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu, ilk sədri və hazırda fəxri lideri olan Etibar Məmmədovun 70 illik yubileyi çərçivəsində onun ictimai-siyasi fəaliyyətini özündə əks etdirən iki cildlik kitab ərsəyə gətirilib. Kitab Etibar Məmmədovun 1988-95-ci illərdəki ictimai-siyasi fəaliyyətini özündə əks etdirir. “İstiqlal yolu” adlanan iki cildlik kitabın müəllifi tarix elməlir doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
Aprelin 1-də kitabın təqdimat mərasimi keçirildi. Təqdimat mərasiminə təxminən 300 nəfər qonaq iştirak edirdi. Qonaqlar sırasında hazırda ölkədə fəaliyyət göstərən bir sıra siyasi təşkilatların rəhbərləri və funksionerləri, KİV rəhbərləri, həmçinin alimlər, ziyalılar, ictimai-siyasi xadimlər, deputatlar, hazırda AMİP rəhbərliyində, rayon təşkilatlarında təmsil olunan şəxslər dəvətli idilər.
Məlumdur ki, AMİP Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatıdır. Zamanında çox böyük kontingenti əhatə edirdi. Vaxtilə AMİP-də təmsil olunan sonradan partiyadan yollarını ayıran, müxtəlif siyasi partiyalara da rəhbərlik edən şəxslər var. O cümlədən hazırda müxtəlif dövlət qurumlarında, hökumət strukturlarında rəhbər vəzifələrdə işləyən keçmiş AMİP-çilər mövcuddur. Zamanında bu şəxslər AMİP-in aparıcı adamları olublar. O adamlarınarasında partiya ilə indi də bu və ya digər formada şəxsi münasibətləri qoruyub saxlayanlar da, əlaqələri tamamilə kəsənlər də var.
Zamanında AMİP-i parlamentdə, MSK-da və digər müxtəlif strukturlarda təmsil etmiş şəxslər var ki, uzun illərdir partiya ilə heç bir əlaqə saxlamırlar. Təbii ki, onların dəvət olunması məqsədəmüvafiq hesab edilməyib”.
Partiya sədri Nazim İmanovun da mərasimə dəvət olunmadığını söyləyib:
“Təbii ki, Nazim İmanov partiyadan ayrıldıqdan sonra AMİP-lə bu və ya digər şəkildə heç vaxt əlaqə saxlamayıb. Nazim İmanov partiyamızı vaxtilə parlamentdə təmsil edib, AMİP-in aparıcı şəxsi olaraq ictimaiyyət tərəfindən də tanınıb. Hazırda AMEA-nın institutlarından birinə rəhbərlik edir. Partiya ilə əlaqəsi olmadığına görə onun tədbirə dəvət edilməsi məqsədəmüvafiq hesab oluynmayıb”.
Nazim İmanov AMİP-in yaradıcılarından biridir, uzun müddət partiyada aktiv fəaliyyət göstərib. O, I çağırış Milli Məclisin üzvü olub. 1995-ci il noyabrın 12-də Azərbaycan Milli İstiqlal Partiyasının proporsional siyahısı üzrə deputat seçilmişdi. Vaxtilə AMİP-in adı çəkiləndə göz önünə ilk gələn simalar sədr Etibar Məmmədov və sədr müavini Nazim İmanov olurdu.
2003-cü ildə AMİP sədri Etibar Məmmədov prezident seçkilərində məğlub oldu. Və AMİP-də istefa dalğası başladı… Etibar Məmmədov 2003-cü ildə AMİP-dən istefa verəndən sonra gözlər Nazim İmanova dikilmişdi… Bəziləri onun AMİP-in yeni sədri olacağını düşünsə də, 2004-cü ilin fevral ayında partiyanın Siyasi Şurasının toplantısında istefa verdiyini bəyan edən Nazim İmanov çoxlarını təəccübləndirdi.
Nazim İmanov bir də 2005-ci ilin parlament seçkilərində keçmiş sədri Etibar Məmədov və Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovla Yasamal rayonundakı 16 saylı ikinci seçki dairəsindən namizədliyini irəli sürməklə gündəmə gəldi. Amma həmin seçkilərdə müstəqil namizəd olan Nazim İmanov deputat mandatı qazana bilmədi. Mandat Abel Məhərrəmova qismət oldu.
Nazim İmanovun adı 2014-cü ilin mayında mətbuat səhifələlərində göründü. Həmin tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə iqtisad elmləri doktoru, professor Nazim İmanov İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyin olundu. O, hazırda həmin vəzifədə çalışır.