“Nə olsun Avropa Parlamentidir, hər dediyini etməliyik?” – Üzeyir Cəfərlidən AÇIQLAMAbackend

“Nə olsun Avropa Parlamentidir, hər dediyini etməliyik?” – Üzeyir Cəfərlidən AÇIQLAMA

Ötən gün Avropa Parlamentində (AP) ölkəmizlə bağlı müzakirələr aparılarkən, bəzi avroparlamentarilər fürsətdən yararlanmağa çalışaraq Qarabağda separatizm fəaliyyətinə və hərbi cinayətlərə görə həbs olunmuş  erməni separatçılarının da azad edilməsini tələb edəcək qədər hədlərini aşıblar. 

KONKRET.az bu ağlasığmaz tələbə hərbi ekspert Üzeyir Cəfərlinin münasibətini öyrənib.

“Azərbaycanın bu addımı atması mümkündürmü?” sualına ekspert belə cavab verib:

“Avropa Parlamentində çox söz deyə bilərlər. Amma Qarabağdakı separatizmə və hərbi cinayətlərə görə həbs olunmuş erməni separatçılarının azadlığa buraxılması qeyri-mümkündür. Onların hər birinin əli Azərbaycan vətəndaşlarının qanına bulaşıb. Hazırda onlar istintaq altındadırlar, sonra məhkəmə qarşısına çıxarılacaq və cəzalarını alacaqlar”.

Üzeyir Cəfərli nəzərə çatdırıb ki, Azərbaycan heç bir halda bu addımı atmayacaq. “Araik Arutyunyan Gəncənin, Tərtərin, Bərdənin bombardman edilməsinə görə cavabdehlik daşıyır. Qarabağlı olmayan Ruben Vardanyan guya Rusiya vətəndaşlığından imtina edib, Qarabağa gəldi və hoqqalar çıxardı. Bilmirəm bu AP-də kimin ağlına gəlir?! Amma Azərbaycan siyasi rəhbərliyi çox gözəl bilir ki, AP-də erməni separatçılarına dəstək olan qüvvələr olub, indi də var. Həmin qüvvələr zəhmət çəkib, vaxtında separatçıların Azərbaycan ərazisindən çıxmaları üçün Ermənistana çağırış və təzyiq edəydilər”.

Ekspert hesab edir ki, AP hərbi cinayətlər törətmiş qüvvələrlə bağlı heç bir tələb irəli sürə bilməz. “Nə olsun Avropa Parlamentidir? Orada deyilənlər bizim üçün Quran ayəsi deyil ki! Azərbaycanla bağlı müzakirələr dünən də olub, bu gün də var, sabah da olacaq. O ki qaldı insan haqları ilə bağlı fürsətdən istifadə edib separatçıları da bu sıraya aid etmək istəyinə, boşuna çalışırlar. Bu, mümkünsüzdür. Təsəvvür edin ki, ölkəmizdə onlarla, yüzlərlə əsgər və zabitlərimizin, dinc günahsız insanların, uşaqların, qadınların, qocaların ölümünə görə bir vaxtlar sevinən, fəxarət hissi keçirən cinayətkarları biz ölkəmizdən rahatlıqla buraxırıq. Nədir-nədir, avropalı parlamentarilər belə istəyib? Avropalı parlamentarilər getsinlər Avropada, dünyada baş verən hadisələrlə bağlı işlək mexanizm hazırlasınlar”.

O, xatırladıb ki, AP 30 il ərzində Ermənistan kimi balaca ölkəyə işğal etdiklər Azərbaycan ərazilərini tərk etməklə bağlı təzyiq göstərməyib.

“AP bir dəfə olsun, Azərbaycanın dağıdılmış mədəni, dini, tarixi abidələri ilə bağlı Ermənistana irad bildirməyib, etiraz səsini ucaltmayıb. Amma indi əlləri qana batmış, ağır cinayətlər törətmiş erməni separatçılarının həbsdən azad edilməsini tələb edir. Erməni separatçıları tam qanuni şəkildə həbs olunublar”.

Ü.Cəfərli onu da qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi naminə minlərlə şəhid vermiş Azərbaycan xalqı erməni separatçılarının azad edilməsi ilə bağlı qərarı heç bir vaxt dəstəkləməz. “Bizim onları məhkəmə müstəvisində cəzalandırmağımız dünyadakı separatçı qüvvələrinə də dərs və görk olmalıdır. Bizim onları cəzasız buraxmağımız Moldovadakı, Gürcüstandakı separatçıları daha da ruhlandırar. Odur ki, erməni separatçılarının yaxın illərdə azadlığa buraxılması imkanını mən qətiyyən görmürəm”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*