Neapol yaxınlığında son 40 ilin ən güclü zəlzələsi: Yaralılar var – VİDEObackend

Neapol yaxınlığında son 40 ilin ən güclü zəlzələsi: Yaralılar var - VİDEO 

İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Fleqrey (Campi Flegrei) vulkanik bölgəsində 4,7 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar şəhər və ətraf yaşayış məntəqələrində güclü hiss olunub.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliya KİV-i məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Neapolun qərbində yerləşən Campi Flegrei (Fleqrey sahələri) kalderasında qeydə alınıb. Güclü təkanlar nəticəsində bəzi binalara ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb, qatar və metro xətlərinin fəaliyyəti təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb.

Ən ciddi dağıntılar Pozzuoli şəhərində qeydə alınıb. Cumana dəmir yolu xətti yaxınlığındakı istinad divarı relslərin üzərinə uçub. Hadisə zamanı xəsarət alan olmasa da, təhlükəsizlik məqsədilə Cumana, Circumflegrea dəmir yolu xətləri və metro xidmətinin fəaliyyəti dayandırılıb.

Bəzi ərazilərdə qaya uçqunları baş verib. Savino Vitagliano yeraltı keçidində qoparaq düşən daş və qaya parçaları avtomobillərə ziyan vurub. Həmçinin çoxsaylı binalarda suvaq və tikinti materialları qoparaq yerə tökülüb, bəzi sakinlər isə qapıların deformasiyaya uğraması səbəbindən mənzillərində köməksiz vəziyyətdə qalıblar.

Qeyd edilib ki, Neapolun bir rayonunda dağ yamacından qopan iri qaya parçaları avtomobillərin üzərinə düşüb. Hadisə nəticəsində 21 nəfər xəsarət alıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Sakinlərin bir qismi mümkün təkrar yeraltı təkanlardan ehtiyat edərək bölgəni müvəqqəti tərk etməyə başlayıb.

Baş verən hadisədən sonra prefektura tərəfindən Fövqəladə Halların Əlaqələndirmə Mərkəzi aktivləşdirilib. Pozzuolinin meri Luici Manzoni sakinləri yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə və sakitliyi qorumağa çağırıb. Bələdiyyənin Əməliyyat Mərkəzi isə Mülki Müdafiə Xidməti və Vezuv Rəsədxanası ilə birgə fəaliyyətə başlayıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, zəlzələ bradisizm adlanan geoloji proseslə əlaqəlidir. Bu proses Campi Flegrei bölgəsində torpaq səthinin tədricən qalxmasına səbəb olur və son illərdə ərazidə seysmik aktivliyin artmasına gətirib çıxarıb.

*Bradisizm yer qabığının yavaş-yavaş qalxması və ya enməsi kimi başa düşülür. Bu təbii proses yerin altındakı maqma və ya isti su hərəkətləri səbəbindən baş verir.

 

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*