Nepalda daşqın: ölənlərin sayı 675-ə çatdı backend

Nepalda daşqın: ölənlərin sayı 675-ə çatdı 

Nepalın şimal rayonlarında baş verən dağıdıcı daşqınlar və güclü sel uçqunları nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb, daha 219 sakin isə ağır bədən xəsarətləri alıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması İdarəsinin rəsmi hesabat yayıb.

Xilasetmə əməliyyatları davam edir. Nepalda 7606 nəfər xilas edilərək təhlükəsiz ərazilərə təxliyə edilib.

Qeyd edilir ki, 2 426 nəfərin taleyi hələ də məlum deyil. İtkin düşənlər arasında 217 xarici vətəndaşın olduğu bildirilib.

***10:17

Nepalda baş verən dağıdıcı daşqın nəticəsində ölənlərin sayı 626 nəfərə çatıb, 2 426 nəfərin taleyi isə hələ də məlum deyil.

KONKRET.az xəbər verir ki, bu barədə Nepalın Təbii Fəlakətlərin Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli İdarəsi (NDRRMA) məlumat yayıb.

Qurumun avqustun 29-u saat 10:00-a olan məlumatına görə, fəlakət nəticəsində ən çox ölüm Çitvanda qeydə alınıb – burada 233 nəfərin cəsədi və insan qalıqları aşkarlanıb. Nawalparasi Şərqdə 158, Nuvakotda 51, Qorkhada 48, Nawalparasi Qərbdə 47, Dhadinqdə 45, Tanahunda 31, Rasuvada isə 13 nəfər ölüb.

İtkin düşən 2 426 nəfər arasında Nepal polisi, ordu və digər dövlət qurumlarının əməkdaşları da var. Rasuva rayonunda 562, Nuvakotda isə 115 nəfərin itkin olduğu bildirilir.

Fəlakət avqustun 26-da Nepal-Çin sərhədində, Himalay dağlarında buzlaq çökməsi nəticəsində yaranan güclü sel və daşqınlarla başlayıb. Hadisə nəticəsində yollar, körpülər, yaşayış məntəqələri və mühüm infrastruktur obyektləri dağılıb.

Xilasetmə əməliyyatları davam edir. Nepalda 4 400-dən çox insanın xilas edildiyi bildirilir. Lakin əlverişsiz hava şəraiti və yeni daşqın təhlükəsi axtarış-xilasetmə işlərini çətinləşdirir.

Bölgədə vəziyyətin daha da ağırlaşa biləcəyi barədə xəbərdarlıqlar edilir. Xüsusilə buzlaq göllərində suyun səviyyəsinin artması yeni daşqın riskini artırır.

Nepal hökuməti həmçinin beynəlxalq axtarış-xilasetmə qruplarını cəlb etməmək barədə qərarı ləğv edib.

Nepalın maliyyə naziri Svarnim Vaqle bildirib ki, daşqından sonra bərpa işləri üçün ölkəyə 4-5 milyard dollara qədər vəsait lazım olacaq.

Xarici işlər naziri Şişir Xanal isə qeyd edib ki, Nepalın insanların tunellərdən xilas edilməsi, nəqliyyat və kommunikasiya infrastrukturunun bərpası, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və DNT testlərinin keçirilməsi daxil olmaqla, ixtisaslaşdırılmış və texniki sahələrdə xarici yardıma ehtiyacı var.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*