Körpənin bütöv dölyanı qişası ilə birlikdə dünyaya gəlməsi olduqca nadir hadisədir. Belə doğuş təxminən hər 80 min doğuşdan birində qeydə alınır. Lakin bu qeyri-adi hadisə haqqında ən qədim yazılı məlumatlar tibbi traktatlarda deyil, daha çox qədim inancları və xurafatları təsvir edən mənbələrdə qorunub saxlanılıb.
Məsələn, gec Roma dövrünün salnaməçilərindən biri yazırdı ki, mamalar yeni doğulmuş körpələrin “köynəklərini” əldə edərək onları sadəlövh vəkillərə satırdılar. Vəkillər isə inanırdılar ki, bu tilsim məhkəmə çıxışlarında onlara uğur gətirəcək, rəqibləri üzərində üstünlük qazandıracaq.
Yeni dövrdə Britaniyada bu inancdan kifayət qədər yaxşı pul qazanırdılar. XVIII–XIX əsrlərdə Londonun “The Times” qəzeti körpələrin doğuş pərdələrinin (ingiliscə *caul*) satışı ilə bağlı elanları müntəzəm dərc edirdi. Əsas alıcılar isə ticarət gəmilərinin kapitanları və hərbi dənizçilər idi.
Satıcılar məhsulun mənşəyini, doğuşu qəbul edən mama və ya həkimin nüfuzunu, eləcə də pərdənin necə saxlanıldığını ətraflı təsvir edirdilər. Sülh dövründə belə bir tilsim üçün bəzən 30 gineyədək pul tələb olunurdu. Bu, kifayət qədər böyük məbləğ idi və bəzi sənətkarların illik qazancına bərabər tutulurdu. Napoleon müharibələri zamanı isə qiymətlər daha da yüksəlirdi.
Yeri gəlmişkən, məşhur ingilis şairi lord Bayron da “köynəkdə” doğulmuşdu.

Gələcək şairin doğuş pərdəsini onun dayəsi xanım Millz ailə dostunun qardaşı, kapitan Ceyms Hensona satmışdı. Lakin bu tilsim kapitanı xilas edə bilmədi. On iki il sonra Hensonun idarə etdiyi gəmi batdı. Gəmidəki yüzdən çox heyət üzvündən yalnız bir matros sağ qaldı.
Buna baxmayaraq, dənizçilər bu xurafata Birinci Dünya müharibəsinədək inanmaqda davam etdilər. İngilis matrosları alman sualtı qayıqlarından və torpedalardan qorunmaq ümidi ilə mamalardan körpə “köynəkləri” satın alırdılar. Onlar bu kiçik pərdənin dənizdə ölüm və fəlakətlərdən qoruyacağına inanırdılar.
Gələcəkdə məşhur olacaq insanların anaları üçün isə uşağın “köynəkdə” doğulması onun böyük taleyə sahib olacağının əlaməti sayılırdı.
Məsələn, Ziqmund Freydin anası oğlunun doğuş pərdəsini ömrünün sonunadək saxlamışdı. O, həm həmin pərdədə, həm də təsadüfən rastlaşdığı bir falçının söylədiklərində oğlunun gələcək şöhrətinin əlamətlərini görürdü.
Napoleon Bonapartın anası Letisiya Ramolino da oğlunun doğuş pərdəsi ilə dünyaya gəlməsi barədə əfsanəni onun gələcək hərbi toxunulmazlığının və taxt-taca sahib olmaq hüququnun rəmzi kimi təqdim edirdi. Bununla belə, bu hadisəni təsdiqləyən ciddi tarixi sübut yoxdur. Müasir bioqraflar həmin əhvalata daha çox ailə daxilində formalaşmış bir mif kimi yanaşırlar.
Rusiyada da körpə “köynəyi” ətrafında özünəməxsus gizli adətlər yaranmışdı.

Doğuş pərdəsini qurudaraq ikonaların arxasında ehtiyatla saxlayır, kiçik tilsimlərə tikir və səfərə çıxarkən, yaxud məhkəməyə gedərkən qoruyucu vasitə kimi özləri ilə aparırdılar.
Xalqın bu pərdənin sehrli gücünə inamı o qədər güclü idi ki, 1551-ci ildə keçirilən Stoqlav Soborunda onun kilsəyə gətirilməsi və tilsimə daha böyük qüvvə qazandırmaq məqsədilə altı həftə orada saxlanılması xüsusi olaraq qadağan edilmişdi.
Yazıçı Yekaterina Avdeyeva qeyd edirdi ki, 1830-cu illərdə rus zadəganları arasında çətin və ya məhkəmə işinə başlayarkən qonşulardan başqasının körpə “köynəyini” müvəqqəti götürmək adəti mövcud idi. Xarkov quberniyasında isə uşağın belə bir “baş örtüyü” ilə doğulması onun gələcəkdə yüksək rütbəli kilsə xadimi, hətta arxiyerey olacağının dəqiq əlaməti hesab edilirdi.
Beləliklə, tilsimlər zamanla yoxa çıxdı, amma ifadə yaşamağa davam etdi. Bu gün də böyük təhlükədən xilas olan, gözlənilməz bəxtəvərlik yaşayan insan haqqında “köynəkdə doğulub” deyirik. Çox vaxt isə bu ifadənin əslində hansı “köynəyə” aid olduğunu heç xatırlamırıq.

Fotoların izahı:
1. Tibbi traktatdan qravüra, 1575-ci il.
2. Doğuş pərdəsini saxlamaq üçün hazırlanmış qızıl medalyon-tilsim, 1597-ci il.
3. Ürək formasında gümüş medalyon-tilsim, təxminən 1776-cı il.
4. Dənizçilərin körpə “köynəyini” saxlamaq üçün istifadə etdikləri şüşə qab, 1855-ci il.
Rəsmiyyə Şərifova,
KONKRET.az
